Bu gün Heydər Əliyev Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) XII zirvə toplantısı işə başlayıb. Modern.az xəbər verir ki, Zirvə toplantısında Prezidenti İlham Əliyev, Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzai, İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad, Tacikistan Prezidenti Emoməli Rəhmon, Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari, Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan, Özbəkistan parlamentinin yuxarı palatası - Senatın sədri İlqizar Sabirov, İordaniyanın sənaye və ticarət naziri Shabib Ammari, Qazaxıstanın nəqliyyat və kommunikasiya naziri Askar Jumaqaliyev iştirak edirlər.
Görüşü İƏT-in XI zirvə toplantısının sədri adından Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğan açıb. Daha sonra İƏT sədrlik Türkiyədən Azərbaycana keçib.
Modern.az APA-ya istinadən bildirir ki, prezidenti İlham Əliyev zirvə toplantısında çıxış edərək bildirib ki, bəzi ölkələrdə islamafobiya meyllərinin güclənməsi, İslam müqəddəslərinin təhqir edilməsi Azərbaycanı narahat edir.
İlham Əliyev Azərbaycanın ECO-nun fəaliyyətinin genişləndirilməsi üçün əlindən gələni edəcəyini bildirib.
Prezident ötən il Azərbaycanın ECO-ya üzv dövlətlərin də dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyini deyib: “Azərbaycan da öz növbəsində ECO-ya üzv dövlətlərin maraqlarının beynəlxalq təşkilatlarda qorunmasında səylərini göstərir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ECO-ya üzv ölkələrin mövqeyini yüksək qiymətləndiririk”.
Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən ölkə başçısı bildirib ki, münaqişə nəticəsində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb: “Ermənistan BMT-nin məlum qətnamələrini yerinə yetirmir. 1992-ci ildə ermənilər tərəfindən Xocalı soyqırımı törədilib. Artıq üç dövlət bu soyqırımı rəsmən tanıyıb və onlardan biri ECO-ya üzv ölkə Pakistandır. Azərbaycanın ərazi bütövlüyü müzakirə mövzusu olmayıb və ola da bilməz. Əlbəttə ki, bu işğal və ədalətsizlik bizim iqtisadiyyatımıza da zərbə vurub”.
Dövlət başçısı həmçinin Azərbaycandakı iqtisadi və sosial inkişafdan da danışıb: “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə ticarət dövriyyəsi 2011-ci ildə 38, cari ilin 9 ayında isə 20 faiz artıb. Azərbaycan ECO Bankın səhmdarıdır və üzv ölkələrdə həyata keçirilən vacib layihələrdə həm bank vasitəsi ilə, həm də investor kimi iştirak etmək niyyətindədir. Biz yeni bazarlara çıxmaq üçün araşdırma işləri aparırıq. İnvestisiya yatırmaq üçün özümüzə dost-qardaş bildiyimiz ölkələrə üz tuturuq”. Prezident bildirib ki, malik olduğu coğrafi mövqe Azərbaycanın nəqliyyat sahəsində regional mərkəzə çevrilməsinə imkan verir: “Bu yaxınlarda tikintisi başa çatacaq Bakı-Tiflis-Qars dəmir yolu İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri birləşdirəcək”.
Zirvə toplantısında çıxış edən İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad İqtisadi Əməkdaşlıq Təşkilatının Siyasi Forumunun yaradılmasını təklif edib. Regional təşkilatlarda əməkdaşlığının davam etdirilməsinin əhəmiyyətini vurğulayan Prezident Mahmud Əhmədinejad qeyd edib ki, iqtisadi sahədə əməkdaşlığa nail olmaq, gömrük qanunvericiliyinin yaradılması, su, quru, hava və dəmir yolu nəqliyyat xətlərinin inkişafı layihələrinin həyata keçirilməsi, ədalətli iqtisadiyyat prinsiplərinin yaradılması, milli valyutaların ticarət dövriyyələrində istifadəsi kimi işlərin həyata keçirilməsi vacibdir.
Modern.az