22 iyul - Milli Mətbuat günündə Parlament Jurnalistlər Birliyinin (PJB) üzvləri Kəlbəcərdə şəhid olan jurnalist Məhərrəm İbrahimovun məzarını ziyarət ediblər.
Modern.az-ın məlumatına görə, PJB nümayəndələri M.İbrahimovun məzarı üzərinə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla anıblar.
Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AZTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.