Nəsimidə jurnalistlərlə görüş keçirilib

Nəsimidə jurnalistlərlə görüş keçirilib

Aktual

22 İyul 2021, 15:32

Nəsimi rayon İcra Hakimiyyətində  Milli Mətbuatın 146  illiyi ilə əlaqədar qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir-görüş keçirilib.


Modern.az
-ın məlumatına görə, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qonaqları salamlayaraq bildirib ki, 146 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatı böyük və şərəfli inkişaf yolu keçib, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı olub. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.


Rayon İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən Asif Əsgərov vurğulayıb ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.


“Mətbuatın inkişaf etdirilməsi məsələsi daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılmışdır. Dövlətimiz jurnalist əməyini həmişə yüksək qiymətləndirir, kütləvi informasiya vasitələrinin mövcud problemlərinin həlli üçün mümkün olan hər şeyi edir”,-icra başçısı deyib.


“Yeni Azərbaycan”qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov və digərləri çıxış edərək, milli mətbuatımızın zəngin və şərəfli yoluna nəzər salıb, Azərbaycan müstəqillik əldə etdikdən sonra mətbuat sahəsində əldə olunan uğurlardan danışıb, mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə mətbuat işçiləri adından minnətdarlıqlarını bildiriblər.


Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna Rusiya aerodromlarını vurdu