Modern.az

"Qələminiz iti, sözünüz kəsərli olsun!" - Deputatdan jurnalistlərə TƏBRİK

Parlament

22 İyul 2021, 18:08

Milli Məclisin deputatı Fatma Yıldırım 22 İyul - Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib.

 

Modern.az xəbər verir ki, Fatma Yıldırım media nümayəndələrinə peşə fəaliyyətlərində uğurlar arzulayıb:

 

“Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 146 il ötür. Dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə cəmiyyətin güzgüsü olmuş, insanları düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.

Ötən illər ərzində Azərbaycan mətbuatı böyük, keşməkeşli yol keçərək bugünkü inkişaf səviyyəsinə çatmışdır. Xüsusilə, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra müstəqil dövlətimizin mətbuatının inkişafında yeni mərhələ başlamış və bu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində milli mətbuatımız yeni-yeni nailiyyətlər qazanmışdır.

 

Bu gün Azərbaycan mətbuatına dövlət qayğısı özünün ən yüksək səviyyəsindədir. Eyni zamanda, kütləvi informasiya vasitələrimiz ölkəmizdə həyata keçirilən siyasətin uğurlarının təbliğ edilməsində, milli və dövlət maraqlarımızın qorunmasında üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirməkdədir. Xüsusilə mətbuatımız Ermənistanın 30 ilə yaxın işğal siyasəti dövründə bu işğal siyasətinin ifşa edilməsində, ötən il 44 günlük Vətən müharibəsi zamanı qələbə xəbərlərinin xalqımıza çatdırılmasında müstəsna rol oynamışdır.

 

Həmçinin, Azərbaycan mətbuatı hazırda dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsində də üzərinə düşən missiyanı uğurla yerinə yetirir. Maarifləndirmə işinə töhfələri davamlılığı ilə diqqət çəkən mətbuatımız dövlətimizin COVID-19-la mübarizədə nümayiş etdirdiyi təkmil təcrübəni ilk gündən bu günədək geniş şəkildə işıqlandırır.

 

Bu gün İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə Milli Mətbuat günü münasibətilə keçirilmiş "44 günlük Vətən müharibəsində Azərbaycan Mediası" adlı konfrans-mükafatlandırma mərasimində də iştirak edərək, mətbuat işçilərimizi təbrik etdim.

 

Əziz mətbuat nümayəndələri!

Sizləri bir daha peşə bayramınız münasibətilə ürəkdən təbrik edir, bu çətin və məsuliyyətli işinizdə yeni-yeni uğurlar arzulayıram! Qoy qələminiz iti, sözünüz hər zaman kəsərli olsun!

Bayramınız mübarək!!!”

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir