Oktyabrın 16-da Balakən rayonundan millət vəkili olan Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədri, professor Rəbiyyət Aslanova , həmçinin, Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev və tanınmış iş adamı Abdul Ansuxski 13-14 oktyabr tarixlərində sözügedən bölgədə baş vermiş zəlzələ nəticəsində qəza vəziyyətində olan evlərə baxış keçiriblər.
Modern.az xəbər verir ki, adıçəkilən şəxslər Balakən rayonunun Qabaqçöl qəsəbəsinin “Körpələr evi” uşaq bağçasında və həmin qəsəbə ərazisindəki 5 qəzalı, o cümlədən, rayonun Xalatala kəndindəki 1 qəzalı və Qaysa kəndindəki 4 qəzalı vəziyyətdə olan evlərə baxış keçiriblər. Eyni zamanda, millət vəkili, icra başçısı və iş adamı sözügedən qəsəbə və kəndlərin sakinləri ilə geniş söhbət aparıb , onların narahatçılıqlarını bölüşüb, eləcə də, zəlzələdən ziyan çəkmiş insanlara dövlətin hərtərəfli yardım və qayğı göstərəcəyini birmənalı şəkildə qeyd ediblər.