Oktyabrın 17-də Strateji Araşdırmalar Mərkəzində (SAM) “Dövlət və dil. Reallıq, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. SAM-ın şöbə müdiri Tahirə Allahyarova tədbiri acaraq bildirib ki, dövlət və dil həmişə bir-biri ilə bağlı olub, onlar ayrıca mövcudluğu mümkün olmayan anlayışlardır. Onun sözlərinə görə, bu baxımdan dövlət dili, dil siyasəti məsələsi Azərbaycanda da dövlətin, siyasi rəhbərliyin daim diqqət mərkəzindədir.
“Biz ölkə prezidentinin dövlət dili ilə bağlı 23 may tarixli sərəncamından irəli gələn məsələlərlə əlaqədar olaraq mütəmadi şəkildə müzakirələr keçirmək istəyirik”. Bunu SAM-ın direktoru Fərhad Məmmədov deyib. O qeyd edib ki, bu müzakirələrdə ortaya qoyulan fikirləri də ümumiləşdirib, qruplaşdırıb təkliflər formasında Prezident Administrasiyasına, ümumən ali rəhbərliyə göndərmək niyyətindədirlər: “Çünki dil məsələsi hər bir dövlət və millət üçün vacib məsələdir. Biz də bir dövlət və millət olaraq, qloballaşan dünyada dövlət dilimizi qoruyub saxlamalıyıq”.
F.Məmmədovun sözlərinə görə, dövlət dili məsələsi çox vacib məsələlərdəndir, elə bu səbəbdəndir ki, dil məsələsi əsrlər boyu müzakirə mövzusu olub və bu gün də bu proses davam etməkdədir:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professoru Buludxan Xəlilov isə bildirib ki, dil əslində ideologiyadır. Onun sözlərinə görə, hətta, dövlət quruluşu olmayanda, ibtidai icma quruluşu dövründə belə, dil ideologiya rolunu oynayıb: “Bu mənada dil bu gün də ideologiyanın bir tərkib hissəsidir. Və dil bizim canımız, varlığımız, düşüncəmiz, dünənimiz, bu günümüz və sabahımızdır”. O, eyni zamanda bildirib ki, dövlət dili, dilin problemi yoxdur, sadəcə, ondan istifadə zamanı yaranan bir sıra problemlər mövcuddur və bunların qarşı alınmalıdır.
“Polietnik cəmiyyətlərdə, dövlətlərdə rəsmi dövlət dili, ümumiyyətlə, dil məsələsi xüsusi rola malikdir”. Bu fikir sözügedən qurumun sədr müavini Gülşən Paşayevaya məxsusdur. Onun qeyd etdiyinə görə, polietnik cəmiyyətlərdə dövlət dili rəsmi, deklorativ qaydada müəyyənləşdirilsə də, çox zaman onun tətbiqi, istifadəsi qaydalarında problemlər yaranır. G.Paşayeva bildirib ki, xüsusilə, kargüzarlıq işlərində rəsmi dövlət dilinin işlənməsi və tətbiqi qaydalarına tam əməl etmək mümkün olmur: “Odur ki, polietnik cəmiyyətlərdə, dövlətlərdə, o cümlədən çoxdilli bir ölkə olan Azərbaycanda rəsmi dövlət dilinin nüfuzunun qaldırılması işində çox ciddi addımlar atılmalıdır. Hesab edirəm ki, bu məsələdə yazılı və elektron KİV-lər də öz töhfələrini verməlidirlər. Onlar maarifləndirici, təbliğat xarakterli verilişlərinin sayını artırmalıdırlar. Həmçinin, bu yöndə işlərin sürətləndirilməsi üçün dövlət öz dəstəyini göstərməlidir. Xüsusən ətrafımızda cərəyan edən proseslərin fonunda və qloballaşma şəraitində dövlət dili məsələsi ölkənin xarici siyasətinin əsas məsələlərindən birinə çevrilməlidir”.
Modern.az