“Xəzər” TV-də telekanalında yayımlanan “Xeyir körpüsü” verilişinin aparıcısı Hacı Nuran Hüseynovun səhhətindəki problemlə bağlı bir müddət öncə xeyriyyə elanı yayılmışdı. Ağır xəstəlik keçirən telejurnalistin müalicəsinə böyük miqdarda vəsait tələb olunurdu.
Telekanalın ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Məryəm Qulamova Modern.az-a açıqlamasında bildirib ki, Hacı Nuran hazırda Filippində öz müalicəsini davam etdirir və vəziyyəti normaldır.
“Bu yaxınlarda o, Avstriyadan Filippinə göndərilib. Orada Amerika klinikasında müalicəsini davam etdirir. Hazırda vəziyyəti orta ağırdır. Hələ 14 kurs müalicə götürməlidir. Həkimlər bildiriblər ki, heç bir əməliyyata ehtiyac yoxdur, xəstəlik müalicə olunmalıdır. Onun müalicəsi üçün toplanmış ianənin miqdarını deyə bilmərəm. Çünki bu kampaniyanı “Xəzər” TV yox, onu sevənlər təşkil etmişdi. Biz “Xəzər” TV adından ona öz köməkliyimizi göstəririk, müəyyən xərclərini qarşılayırıq. Rəhbərlik tərəfindən vaxtı-vaxtında ona baş çəkilir. Gözləyirik ki, gəlib, layihələrini davam etdirsin. Onun yerinə heç kim təyin olunmayacaq. Azərbaycana nə vaxt qayıtması barədə də dəqiq məlumat deyə bilmərəm, müalicəsi nə vaxt bitərsə, o zaman da gələcək”, – deyə M.Qulamova qeyd edib.
M.Qulamova onu da əlavə edib ki, Hacı Nuran "limfoqranulomatoz"-dan, yəni limfa düyünlərinin böyüməsi xəstəliyindən əziyyət çəkir.
Nihadə Eyyubova