Modern.az

Arıçıların Bakıdakı yarmarkasından bal kimi reportaj - FOTOLAR

Arıçıların Bakıdakı yarmarkasından bal kimi reportaj - FOTOLAR

Reportaj

17 Oktyabr 2012, 16:59

Satıcı: “Məcburiyyətdən aşağı qiymətə satırıq”


Bakı sakinlərinin çoxdan gözlədiyi bal yarmarkası nəhayət ki, bu gün alıcıların üzünə açıldı. Nərimanov rayonu ərazisində, “Gənclik” və keçmiş “Şuşa” kino-teatrının yaxınlığında, Atatürk prospekti 6-a və Maqsud Əlizadə 133 küçələrinin kəsişdikləri yerdə yerləşən “Laləndə” şadlıq sarayında arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası 20 gün, yəni noyabrın 5-dək davam edəcək.

Modern.az-ın əməkdaşı yolunu sözügedən yarmarkadan salıb, bal satışı ilə maraqlanıb. Onu da deyim ki, bal yarmarkası qapalı məkanda keçirildiyindən yarmarkada izdiham yaşanırdı. Burada 51 istehsalçının  arıçılıq məhsulları satışa çıxarılmışdı.

Yarmarkada arıçılarla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin, Arıçılıq Assosiasiyasının nümayəndələri də iştirak edirdi. Kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov yarmarkada 51 rayondan 200 istehsalçının iştirak etdiyini bildirərək ötən il bu sayın daha artıq olduğunu vurğuladı. Onu da dedi ki, yarmarkaya bal və arıçılıq məhsulları çıxarmaq istəyənlərin bəzilərinə hələ cavab verilməyib. Bu isə məhsulun laboratoriya şəraitində yoxlanılması prosesinin davam etməsi ilə əlaqədardır. Həmçinin 15 manatdan baha bal satanların cəzalandırılacağını və gələn ilin yarmarkasında iştirak hüququnu itirəcəklərini xüsusi ilə vurğuladı.

Qeyd edək ki, müxtəlif rayonlardan satışa 300 ton bal, 40 kq vərəmum, 1 kq arı südü, 25 kq çiçək tozu çıxarılıb.

Çingiz Fərəcov: “52 nəfərə sertifikat verilməyib”


Satış yarmarkasının rəsmi hissəsindən sonra hökumət nümayəndələri yarmarkaya çıxarılan məhsulların keyfiyyəti, arıçılar üçün burada yaradılan şəraitlə tanış oldular. İlk siftəni isə nazir müavini Aslan Aslanov etdi. O, arıçıların piştaxtalarının üzərinə düzdüyü balın dadına baxaraq balı təriflədi. Nazir müavini paytaxta gətirilən məhsulların arıçılara min bir əziyyətə başa gəlməsinə baxmayaraq  onların xərclərinin çox çıxdığını və bunun müqabilində qoyulan qiymət həddini keçmədiklərini xüsusi ilə təqdir etdi. Daha sonra başqalarına yaxınlaşan Aslan Aslanov onların sertifikatının olmaması ilə maraqlandı. Arıçıların sertifikatsız yarmarkaya gəlmələrinin səbəbini nazirliyin şöbə müdiri Çingiz Fərəcov belə cavablandırdı ki, “52 nəfərə sertifikat verilməyib və onlara da sertifikat bu gün veriləcək”.

Yarmarkanın ən qızğın anında əlləri arı kimi cəld işləyən və dili bal kimi şirin olan İlham Atakişiyevə yaxınlaşdım. Kəpəz, Göy-göl balı satan İlham Atakişiyev deyir, arının bal gətirməsini arıçılar ətrindən bilirlər. O, balın satışının yüksək olacağına ümid edir. Onun sözlərinə görə, bu il balın qiyməti daha ucuz olduğundan alıcılıq qabiliyyəti yüksək olacaq: “Balın satış qiyməti 15 manat müəyyənləşib. Amma balın qiyməti onun keyfiyyətindən asılı olan şeydir. Məsələn, biz balın kilosunu 20 manata veririk. Burada da qiymət 15 manat qoyulub. Bu da düzgün deyil, axı? Hər bala 15 manat qiymət qoymaq olmaz. Məcbur olub aşağı qiymətə satırıq”.

Stolun üstündə qoyulan çərçivənin içindəki arı pətəyinin qiyməti ilə maraqlanıram. Müsahibim deyir ki, 2 kilo yarım təmiz baldır, çərçivəylə birgə isə 3 kiloya çatır. Qiyməti isə 45 manatdır. Arıçı xanımın sözlərinə görə, pətək orqanizm üçün çox xeyirlidir. Belə ki, pətəyin üzərindəki qaymaq mədənin üzərində olan qızartını, yaranı sağaldır. Stolun üstündə balaca yumru bükülü görürəm. Mənim üçün yeni olan bu bükülünün adıyla və nəyə lazım olmasıyla maraqlanıram. Arıçı xanım  deyir ki, adı vərəmum olan bu bükülünün 1 qramı 30 qəpikdir.

Yeri gəlmişkən, müsahibim vərəmumumun da xeyirli tərəfləri barədə məlumat verdi: “Vərəmumu 40-45 faizli arağa qatıb, 15-20 gün saxlayıb, sonra onu cunadan süzüb, şüşə qablara yığmaq lazımdı. Hazır məhlul isə 2 aylıq uşaqdan tutmuş 70-80 yaşında insanlara verilir. Bu, orqanizmdə maddələr mübadiləsinin pozulmasını nizamlayır, ölmüş hüceyrələri bərpa edir. 2-4 yaşında uşaqlara 1 stəkan suyun içinə 2 damcı, 4-6 yaşında uşaqlara 4 damcı, 6-12 uşağa 8 damcı, bizlər isə 10-12 damcı içməliyik. Səhər-axşam. Əhval-ruhiyyəni yüksəldir, çöhrəni gözəlləşdirir”.

Əsl balı necə müəyyən etməli?


Yarmarkaya gələn alıcılar aldıqları məhsulun keyfiyyətindən bir qədər narahatdırlar. Arıçılar deyir ki, əsl balı müəyyən etmək bir qədər qəlizdir. Gədəbəydən gələn və müəllim işləyən Sarvan Babayev deyir ki, bal müxtəlif rəngdə, qatılıqda və iydə olur: “Əvvəla onu deyim ki, arılar dağda düzənlikdə yaşaya bilirlər. Orda bitən otların çiçəyindən çox şey asılıdır. Məhsulun rəngi də buna görə müəyyən olunur. Dağ arılarının balının rəngi tünd olur. Elə vaxt olur ki, arı öz məhsulunu bir növ çiçəkdən yığır. Təbii ki, onda balın iyi və tamı aydın hiss edilir. Biz bunu alıcılara başa sala bilmirik”.

Bal iki formada saxtalaşdırılır. Evdə bala şəkər şərbəti, müxtəlif məhsullar, dərman preparatları qatırlar. Bu cür balı 3, 4, 5 manata almaq mümkündür.

İkinci saxtalaşdırma yolu isə arılar vasitəsilə həyata keçirilir. Arıları şəkər şərbəti ilə qidalandırırlar və arılar da balı gül, bitki nektarından deyil həmin şəkər şərbətindən hazırlayır. Tərkibində fruktoza və qlükozanın çox aşağı miqdarda olduğu bu cür balı soyuq şəraitdə saxladıqda kristallaşır. Hətta onu qaynar suya tökəndə belə açılmır. Təmiz bal isə xarlanmalıdır. Ağıza qoyanda ağızda, hətta soyuq suda belə əriyir.

Hazırda dünya bazarına saxta balı əsasən Çin, İran və bir sıra başqa ölkələr çıxarır. Ən keyfiyyətli balı isə Meksika, Türkiyə, ABŞ və bir sıra Avropa ölkələri istehsal edir.

Yarmarkanın ən bahalı məhsulu – arı südü


Yarmarkada bal ilə yanaşı, arının digər məhsulları da, propolis, çiçək tozu və şanıda satılır. Amma satış sərgisində ən çox marağa səbəb olan arının südüdür. Şahin Əlipaşayev adlı satıcı deyir ki, arı südünü almaq çox çətindir: “Arı südü elə məhluldur ki, bu az miqdarda olur. Hər bir dərdin dərmanı olan bu məhlulu ana arı balalarını qidalandırmaq üçün ifraz edir. Azərbaycandakı bütün arı pətəklərini yığsan ordan heç bir kiloqram arı südü çıxmaz. Südü bala qatışdırmasaq xarab olur. Hazır məhlulu on qramlıq qablarda 40 manata satırıq”.

Sahibkar deyir ki, arı südü min bir dərdin dərmanıdır: “Mədə-bağırsaq xəstəlikləri olan insanlara tövsiyə olunan bir şeydir. Bizim rayonda baldan çox onun südü alınır”.

Peşəkar arıçı olduğunu deyən Ş. Əlipaşayev arının zəhərini də satdığını deyir: “Xaricilər kəndə gəlib bunu bizdən alırlar. Deyəsən onda dərman hazırlayırlar. Bir dəfə Amerikadan  gələn bir alıcı dedi ki, arı zəhərindən hazırlanan dərman insanın dərisini təmiz və təravətli saxlayır, onu qocalmağa qoymur. Arının ayağını sürtərək yuvasına keçdiyi “vərmum” a da maraq böyükdür. Ağız qoxusunu öldürən, dişləri bərkidən bu məhsul saqqız kimi istifadə olunur”.

Arı ailəsinin 11 məhsulu


Baytar mütəxəssis Əjdər Əlimərdanov deyir ki, arı ailəsinin 11 məhsulu var. Bal, çiçək tozu, perqa, arı südü, propolis, arı zəhəri, arı mumu, zabus-balın qaymağı, erkək arı südü, mum güvəsi eksraktı, ölmüş arı xitozaru:

“Bütün bu məhsullar bir-birindən tərkibinə, müalicəvi xüsusiyyətlərinə görə fərqlənirlər. Arının bütün məhsulları bioloji-aktiv maddələrlə zəngindir və qiymətlidir. Arılar balı müxtəlif çiçəklərin nektarındakı-şirosindən hazırlayırlar. Çiçək şirəsini mədə cinadanına toplayıb pətəkdəki yuvalara boşaldırlar. Mədə şirəsi ilə qarışmış nektarı qanadları ilə ventilyasiya yaradaraq qurudub qatılaşdırırlar. Qatılaşmış nektar bala çevrildikdə, bal yetişdikdə pətəyin ağzını mumla suvayırlar. Bal süzüldükdə suvanmış pətəklər götürülməlidir, əks təqdirdə duru balda suyun miqdarı çox olduğundan (norma 18-20 %) bal qıcqırır yemək üçün yararsız olur. Bal kimyəvi tərkibinə görə vitaminlər, mineral maddələr, karbohidratlar, zülallar, harmonlarla zəngindir”.

Yarmarkaya Qubadan gələn arıçı Zəfər Əzizov isə deyir ki,  balın qiyməti onu razı salmadığından yarmarkaya bal çıxartmayıb: “Təmiz balın qiyməti 15 manat deyil axı? Qiymət məni qane etmədiyindən bu dəfə bazara bal çıxartmadım. Bunun əvəzinə başqa arıçılıq məhsullar gətirmişəm. Adi halda təmiz balı 30 manata satıram. Yarmarkada isə iki qat ucuz qiymət qoyulub. Odur ki, bu dəfə bazara bal çıxartmadım”.   

Söhbət etdiyimiz alıcılar isə tərəddüd içərisindədirlər. Hansı balı alıb-almamağa qərar verə bilmirlər.

Alıcı Nərgiz Hüseynovanın sözlərinə görə, burada neçə yerdən bal gətirib satırlar, hamısı da öz balını tərifləyir. Amma hansına inanıb bal almasına qərar verə bilmir:

“Deyirlər, qiymətlər 15 manatadır. Amma bir neçə yer var ki, orda endirim də edirlər. Məsələn, orda Naxçıvan balı vardı, çox xoşuma gəldi. Başqa bölgələrin balından da dadım. Axırda birtəhər qərar verib seçimimi Naxçıvan balının üstündə saxladım”.

Biz də öz növbəmizdə “bazar olsun”- deyib yarmarkanı tərk etdik.







Gültəkin Ələsgər

Foto:Elçin Ağayev

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI