“Qarabağın azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpası torpaqlarımızın işğaldan azad edilməsinə necə təsir edə bilər?”
Modern.az saytının Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən “Deputat-tələbə əməkdaşlığı” layihəsi tələbələrin yay tətilinə çıxması ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdı.
Ali məktəblərdə yeni dərs ilinin başlanmasından sonra layihə bərpa edilib.
Bu layihə çərçivəsində deputat istədiyi mövzu ilə bağlı tələbələrin fikirlərini öyrənəcək. Həmin mövzu ilə bağlı müxtəlif janrlarda yazı yazan tələbələrin yazıları Modern.az saytında yerləşdiriləcək.
Sonra Modern.az saytı ən yaxşı 10 yazını deputata təqdim edəcək. Deputat isə öz növbəsində həmin yazılar içərisində ən yaxşı birini seçəcək.
Nəticədə qalib tələbələrlə deputatın görüşü keçiriləcək.
Görüşdə deputat qalib tələbəyə mükafat verəcək. Eyni zamanda görüşdə tələbələrə deputatla diskussiya aparmaq, suallar vermək üçün şərait yaradılacaq.
Artıq 52 saylı Quba seçki dairəsinin deputatı Vahid Əhmədov, 92 saylı Zərdab-Ucar seçki dairəsindən deputat Jalə Əliyeva, 71 saylı Masallı kənd seçki dairəsinin deputatı Elmira Axundova, 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva, 09 saylı Balakən seçki dairəsinin deputatı Rəbiyyət Aslanova və 122 saylı Xankəndi seçki dairəsinin deputatı Flora Qasımova, 117 saylı Oğuz-Qəbələ seçki dairəsinin deputatı Aqiyə Naxçıvanlı, 74 saylı Lənkəran kənd seçki dairəsinin deputatı Hadi Rəcəbli iştirak edib qalib tələbələri mükafatlandırıblar.
Layihə bu dəfə 101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin deputatı, Qarabağın Azərbaycanlı İcmasının idarə heyətinin üzvü Rövşən Rzayevin verdiyi mövzu ilə davam edir. Millət vəkili təqdim etdiyi “Qarabağın azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpası, torpaqlarımızın işğaldan azad edilməsinə necə təsir edə bilər” mövzusu ilə bağlı tələbələrin fikirlərini öyrənmək istəyir.
Qeyd edək ki, hər bir mövzu ilə bağlı 15 gün vaxt verilir. Müsabiqədə iştirak etmək istəyən tələbələr mövzu elan olunduqdan sonra 15 gün müddətində yazılarını [email protected] elektron poçtuna göndərə bilərlər.
Əlaqə telefonu: (00994012) 4659574
Mail Ağaxanov