
Bir neçə gündür ki, Masazır duz gölünün içində qum ilə bənd salınır. Ərazidə olan Modern.az-ın əməkdaşı orada qum gətirən “Kamaz”ları və işləyən traktoru müşahidə edib. Qum ilə gölün içinə çəkilən yolun nə ilə bağlı olduğunu öyrənmək məqsədilə bu ərazidəki Duz zavodunun sahibi “Azersun Holdinq” şirkəti ilə əlaqə saxladıq.
“Azersun Holdinq” şirkətinin İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Afiq Səfərov Modern.az-a açıqlamasında bildirdi ki, gölün dərinliyinə yol oradakı duzu maşına yükləmək üçün çəkilir. Şirkət rəsmisinin sözlərinə görə, duz gölünün içərisinə çəkilən yolun məqsədi odur ki, oraya avtomobil rahat girib-çıxa bilsin.
“Hazırda ora yolun çəkilməsi və gölün hasarlanması onunla bağlıdır ki, həmin yer zavodun ərazisidir. Duz gölünün içərisinə çəkilən yolun məqsədi odur ki, orada işləyənlər maşınla həmin əraziyə daxil ola bilsinlər. İndiyə kimi duz yükləmələrini əllə aparırdılar. Amma indi maşınla daşınacaq. O yol vasitəsilə maşın gölə daxil olacaq və yığılan duzu ona yükləyib zavoda daşıyacaqlar”.
A.Səfərov bildirib ki, Masazır Duz zavodu inşa olunandan sonra əvəllər göldə işləyən yüzlərlə şəxs işə götürülüb.
Anar Kəlbiyev