Modern.az

“Bakı Bəyannaməsi strateji əlaqələri daha da möhkəmləndirəcək”

“Bakı Bəyannaməsi strateji əlaqələri daha da möhkəmləndirəcək”

28 İyul 2021, 23:05

Milli Məclisdə Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüş çərçivəsində imzalanan Bakı Bəyannaməsinin imzalanması hər üç ölkənin parlamentarizm tarixində önəmli hadisələrdən biridir.


Bunu Modern.az-a açıqlamasında millət vəkili, Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Azər Kərimli deyib.

 

Millət vəkili qeyd edib ki, Bakı Bəyannaməsi Azərbaycan, Türkiyə və Pakistan arasındakı strateji əlaqələrin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcək:


“Sənəddə dövlətlərimiz və millətlərimiz arasında mövcud əlaqələrin daha da dərinləşdirilməsi üçün 3 ölkə arasındakı parlamentar dialoq və əməkdaşlığın gücləndirmənin vacibliyi vurğulanır. Bu isə öz növbəsində Azərbaycan, Türkiyə və Pakistan üçtərəfli strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərinin parlamentlər səviyyəsində də inkişaf etdirilməsi və daha yüksək müstəviyə daşınması deməkdir.


Sənəddə yer alan mühüm məqamlardan biri yerləşdikləri bölgələrdə sabitlik, təhlükəsizlik və rifahı inkişaf etdirmək üçün Azərbaycan, Pakistan və Türkiyə arasında daha əhatəli əməkdaşlığın strateji əhəmiyyətinin xüsusi olaraq vurğulanmasıdır. Bu da hər üç ölkənin müasir dövrdə müstəsna əhəmiyyətə malik olan məsələlərlə bağlı strateji əməkdaşlıqlarını bundan sonra da inkişaf etdirəcəkləri, xaricdən dəstəklənən terror hücumlarının təhdidinə, kiber hücumlara, hibrit müharibələrinə, hədəfli dezinformasiya kampaniyaları və bir çox ölkədə müsəlman cəmiyyətlərinin sülh içində bir yerdə yaşamasına təsir göstərən, artan islamofobiyaya meyilli ölkələrin qarşı-qarşıya olduğu saysız çətinliklərə və ortaya çıxan təhdidlərə qarşı birgə hərəkət edəcəklərini bir daha təsdiqləyir”.


Onun sözlərinə görə, sənəddə Türkiyə və Pakistanın Ermənistanın 30 ilə yaxındır davam edən işğalından sonra ərazi bütövlüyünü bərpa edən Azərbaycan hakimiyyətini və xalqını bir daha təbrik etmələri rəsmi Ankara və İslamabadın Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid yaradan çağırışlara münasibətdə mövqelərinin dəyişməz qalacağını və ölkəmizin haqq işini hər zaman dəstəkləyəcəklərini nümayiş etdirir.


Bakı Bəyannaməsinin əhəmiyyətini vurğulayan Azər Kərimli qeyd edib ki, hər üç dost və qardaş ölkənin prezidentlərinin qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi ilə bağlı qətiyyətli mövqelərinin parlamentlərin fəaliyyətində də özünü büruzə verməsi çox yaxşı haldır və bu, ölkə həyatının bütün istiqamətlərində ikitərəfli və üçtərəfli əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etdiriləcəyinin mesajını verir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər