Onlayn medianın sırası genişləndikcə, bir sıra qəzetlər də öz təcrübələrində bu versiyadan istifadə etməyə başlayıblar. Bu sırada “Kaspi” və “525-ci qəzet” də var.
“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli Modern. az-a yenilənmə səbəbindən danışıb:
“Bizim sayt 2009-cu ildən fəaliyyət göstərirdi. Amma müasir tələblərə cavab verən səviyyədə deyildi. Baxırdıq ki, maraqlı yazılarımız olur, amma elektron müstəvidə yayılmır, sosial şəbəkələrdə görünmür. Bu ilin avqust ayında bir neçə sayt variantı üzərində işlədik və sonda bu saytın variantı üzərində dayandıq. Bunu belə etməyimizin məqsədi hazırladığımız materialları daha geniş müstəvidə yaymaqdır”.
N. Məmmədli saytda olacaq yeniliklər barəsində də məlumat verib: “Sentyabr ayından başlayaraq qəzet həm də rus dilində çıxır. Gələcəkdə də fikrimiz var ki, rus dili variantını da sayta yerləşdirək. Qəzetimizdə ədəbiyyat bölməsi də var ki, bu, da artıq sayda yerləşdirilib. Qəzetdə işləyən adamlar kifayət qədər təcrübəli, saytda işləyən adamlardır. Bizim saytda işləmək təcrübəmiz var. Elə öz təcrübəmizə əsaslanaraq, saytın işini də qəzetin tərkib hissəsi kimi aparırıq. Əlavə işçiyə ehtiyac yoxdur”.
“525-ci qəzetin baş redaktoru Rəşad Məcid qəzetin saytının yenilənməsini belə izah edir: “İndi onlayn media daha çox populyarlaşıb. Ona görə də fikirləşdik ki, ya yeni bir sayt açaq, ya da faktik saytımızın üzərində yeniləşmələr aparaq. Gənclər də “525”i gücləndirməyə üstünlük verdilər. Ona görə də belə bir interaktiv sayt yaradıldı. Güman edirəm ki, davam edəcəklər. “525”in təcrübəsi var”.
R. Məcid qeyd edib ki, yeni saytlarda bəzi məsələləri qəbul etməsə də, amma mövcud mətbuatla barışır: “Bu gün “525”in saytına da olan xəbərlərin heç də hamısı qəzetdə çap olunmur. Qəzetdə daha klassik, daha ağır, sanballı xəbərlər yer almalıdır. Bu baxımından mən saytlara ciddi, etibarlı bir mənbə kimi baxmadığımdan qəzeti daha üstün tuturam. Amma güman edirəm ki, gələcəkdə saytlar da daha peşəkarlaşacaq”.
Baş redaktor qeyd edib ki, saytın işi ilə bağlı redaksiyaya gənc işçilər qəbul olunub.
Nihadə Eyyubova