Modern.az

YAP-çı deputatdan müharibəyə çağırış: “Vaxt artıq çatıb”

YAP-çı deputatdan müharibəyə çağırış: “Vaxt artıq çatıb”

19 Oktyabr 2012, 13:14

«ATƏT-in Minsk qrupu 20 ildir Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmasına baxmayaraq təəssüf ki, hələ konkret nəticələr əldə olunmayıb. Münaqişənin həllinin uzanması Azərbaycan xalqının səbrini tükəndirir». Modern.az-ın məlumatına görə, bu sözləri hakim partiyanın saytına açıqlamasında Milli Məclisin komitə sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, ötən müddət ərzində həmsədrlərin işi tərəfləri görüşdürmək, bu yöndə vasitəçilik etmək olub. Münaqişənin həlli ilə bağlı Azərbaycan Prezidentinin siyasi iradə nümayiş etdirdiyini deyən komitə sədrinin sözlərinə görə, dövlət başçısı ölkəmizin prinsipial mövqeyini dəfələrlə bəyan edib və Azərbaycan xalqı bu mövqeyi tamamilə dəstəkləyir. Onun sözlərinə görə, Ermənistan prezidenti isə siyasi iradə nümayiş etdirə bilmir. Belə ki, münaqişənin həlli ilə bağlı razılaşma mərhələsinə çatanda Ermənistan tərəfi problem yaradaraq vaxtı uzadır.

 «Azərbaycan xalqı münaqişənin uzanmasının əleyhinədir. Bu gün Azərbaycan bütün sahələr, o cümlədən hərbi sahə üzrə inkişaf edir. Ordumuz güclənib və torpaqlarımızın işğaldan azad olunmasının vaxtı da çatıb»- deyə, E.İbrahimov vurğulayıb.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi