Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Fatih Çəkirgənin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov haqqında bir müddət öncə yazdığı yazılar böyük qalmaqala səbəb olmuşdu.
F.Çəkirgə “Hürriyet”də 12-13 avqust tarixli köşə yazılarında iddia etmişdi ki, İstanbul-Barselona təyyarə reysinin biznes-klasında uçan Mikayıl Cabbarov stüardessaya onun qanunsuz tələbini yerinə yetirmək üçün təzyiq göstərib, hətta onu işdən çıxartdıracağı ilə hədələyib.
Mikayıl Cabbarov isə haqqında deyilənlərlə bağlı açıqlama yayaraq, türkiyəli jurnalisti təkzib etmiş və bildirmişdi ki, barəsində yazılanlar iftira və yalandır. Çəkirgənin yazdığı hadisənin iştirakçısı yox, şahidi olub.
M.Cabbarov bir müddən öncə “Hürriyet” qəzetindən təkzib tələb etmişdi.
Modern.az saytının məlumatına görə, nəhayət Türkiyənin “Hürriyet” qəzeti bugünkü sayında Mikayıl Cabbarovla bağlı təkzib verib. Məhkəmə isə məsələ ilə bağlı qərar çıxarıb.
Modern.az bildirir ki, məhkəmənin qərarı ilə hazırlanmış təkzib materialı jurnalist Fatih Çəkirgənin köşəsində yerləşdirilib. Təkzib yazısında bildirilir ki, Fatih Çəkirgənin yazdığı yazının Mikayıl Cabbarova və Azərbaycana heç bir aidiyyatı yoxdur. Məhkəmə tərəfindən hazırlanmış yazıda qeyd olunur ki, M.Cabbarov və Azərbaycan haqqında yazan müəllif bəlli olmayan səbəblərdən ölkənin və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisinin imicnə zərbə vurub.
Yazıda vurğulanır ki, F.Çəkirgənin Azərbaycanı Suriya ilə müqayisə etməsi onun tərəfindən buraxılan səhvdir.
Modern.az