Təhsil naziri Misir Mərdanov Bakının Nizami rayonunda yerləşən 109 saylı orta məktəbdə ötən gün baş vermiş zəhərlənmə ilə bağlı açıqlama verib. Nazir Modern.az-a deyib ki, o, ucqar rayonlardan birində olduğundan hadisə ilə bağlı geniş məlumata malik deyil:
“Dünən mən Gədəbəydəydim. Hadisə barədə orada olanda xəbər tutdum. Bu gün işə qayıdacam. Hər bir şeyi təfsilatı ilə öyrənəcəm. Bununla bağlı araşdırma aparılacaq və tədbir görüləcək”.
Qeyd edək ki, ötən gün səhər saatlarında Nizami rayonu ərazisindəki 109 saylı orta məktəbdə şagirdlərin ehtiyatsızlığı səbəbindən fişəngin partlaması nəticəsində sinif otağında gərginlik yaranıb. Nəticədə məktəbin dəhlizində tüstü yaranıb və bu səbəbdən uşaqlar arasında qısamüddətli gərginlik olub. Məktəbdən Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına daxil olmuş məlumat əsasında hadisə yerinə dərhal 7 təcili yardım briqadası göndərilib. Hadisə yerində stress və qorxu keçirmiş bir neçə valideyn və şagirdə ilkin tibbi yardım göstərilib.
Anar Kəlbiyev