Bu gün Bakı Biznes Mərkəzində xaricdə təhsil almış gənclər üçün əmək yarmarkası keçirilib. Modern.az-a bu haqda İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində (neft-qaz, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, informasiya texnologiyaları, bank-maliyyə, turizm və s.) fəaliyyət göstərən 50 dövlət və özəl yerli və xarici şirkət tərəfindən 500-dən çox vakansiya çıxarılıb.
Əmək yarmarkasının açılışında çıxış edən İqtisadi İnkişaf nazirinin müavini Sevinc Həsənova sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər, iqtisadiyyatın differsifikasiyası, innovativ iqtisadiyyatın yaradılması, insan kapitalının inkişaf etdirilməsi istiqamətində görülmüş işlərdən bəhs edib.
Daha sonra əmək yarmarkasında iştirak edən şirkətlər tərəfindən mövcud vakant iş yerləri və bu sahədə müvafiq meyar və tələblər haqqında gənclərə ətraflı məlumat verilib, maraq göstərən məzunların müraciətləri qəbul edilib.
Böyük maraqla qarşılanmış əmək yarmarkası xaricdə təhsil almış gənclərə arzu və istəklərinə uyğun iş yeri tapmağa, iştirakçı şirkətlərə isə ixtisaslı kadrlar seçiminə imkan yaradıb.
Sevinc İltifatqızı