Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı tələbə-rəssamın 30 manatlıq rəsm əsərini aldı
Modern.az xəbər verir ki, bu gün Atatürk parkında YAP Nəsimi Rayon Təşkilatı tərəfindən rayon ərazisində yerləşən ali məktəblər arasında yaradıcı tələbələrin sərgisi keçirilib.
Sərgi ali məktəblərin yaradıcı gənclərinin əsərlərindən və əl işlərindən ibarət olub. Tədbirin əsas məqsədi bacarıqlı, fəal gənclərin üzə çıxarılması, ictimaiyyətə tanıdılması olub. Sərgi-yarmarkada tələbə gənclərin əl işlərinin satışı da təşkil olunub.
Sərginin təşkil olunmasında xüsusi rolu olan millət vəkili Məlahət İbrahimqızı Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi münasibətilə Nəsimi Rayon Təşkilatının bu cür silsilə tədbirləri olacağını deyib.
“Bu tədbirlərin əsas hissəsi gənclərin iştirakı ilə olan mərasimlərdir. Bizim gənclərimiz çox aktiv, hərtərfli inkişaf etmiş gənclərdir. Biz bunu nəzərə alıb univrsitetlərdə təhsil alan istedadlı gənclərin sərgisini təşkil etmişik. Bizim borcumuzdur ki, iqtidar partiyası olaraq gəncərimizə dəstək verək. Gənclərimiz sərginin keçirilməsindən məmnundurlar, biz isə gənclərimizdən məmnunuq”-deyə millət vəkli bildirib.
Sərgidə eyni zamanda Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev də iştirak edib. İcra başçısı sərgiyə çıxarılan əl işlərinə baxıb və qiyməti 30 manat olan “İçərişəhər” adlı rəsm əsərini də alıb.
Şahanə RƏHİMLİ