Müxalifətin Fəvvarələr Meydanında keçirdiyi icazəsiz aksiyasında saxlanılan Müsavat Partiyasının Məclisinin sədri Arzu Səmədbəyli, başqan müavini Gülağa Aslanlı, partiyanın Divan üzvü Qubad İbadoğlu 25 manatadək cərimə edilərək sərbəst buraxılıb. Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hal-hazırda Müsavat Divanının üzvü Müsavat Gənclər təşkilatının sədri Tural Abbaslı, Müsavat başqanının müşaviri Mustafa Hacılı, Müsavat Məclisinin üzvləri Əhəd Məmmədli, Rüfət Hacıbəyli, “Yeni Müsavat” qəzetinin hüquqşünası Vaqif Hüseyn inzibatı cəza verilmək üçün Binəqədi Rayon Məhkəməsinə aparılıb. Vəkil Nemət Kərimli onlara hüquqi yardım göstərir.
Qeyd edilib ki, Müsavat Partiyası Məclisinin üzvləri Hamlet Səfixanlı, Namiq Kazımov, Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədrinin müavini Fəxrəddin Əhməd haqqında da inzibati hüquqpozma haqqında protokol tərtib edilərək məhkəməyə göndərilib. Digər müsavat fəalları hələlik Bakı şəhərinin müxtəlif polis bölmələrində saxlanılır.
Müsavat Partiyası Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbasın harada saxlandığına dair məlumat yoxdur.
A.RÜSTƏMOV