Beyləqan rayonunda qanunsuz ov edən şəxslər rayonunun Ovçular Cəmiyyətinin sədrini qətlə yetiriblər. Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə gecə baş verib.
Beyləqan sakini Ruhi Mahmudov dostları ilə birgə rayon ərazisində qadağan olunmuş ərazidə ov edərkən oraya gəlmiş cəmiyyətin əməkdaşlarının ərazini tərk etmək və silahları təhvil vermək tələbinə məhəl qoymayıb.
Yaranan mübahisə R. Mahmudovun atəş açması ilə nəticələnib. Açılan atəş nəticəsində başından güllə yarası alan Ovçular Cəmiyyətinin sədri Allahyar Süleymanov Beyləqan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib. Onun güllə yarası almış digər iki həmkarı isə Bakıya çatdırılıb.
Yerli sakinlərin APA-ya bildirdiyinə görə, brakonyerlər 5 nəfər olublar. Onlardan ikisi Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Hüquq-mühafizə orqanlarından ətraflı məlumat verilmədiyi üçün hadisədə iştirak edən və xəsarət alan digər şəxslərin adını müəyyən etmək hələlik mümkün olmayıb.
Modern.az