Ekologiya və Təbii Sərvətlər Nazirliyi Beyləqan rayonunda baş verən ölüm hadisəsinə münasibət bildirib. Hadisəyə səbəb kimi Ovçular Cəmiyyətinin qanunsuz əməlləri göstərilib.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, oktyabrın 20-də gecə saatlarında Beyləqan rayonu ərazisində Ovçular Cəmiyyətinin nümayəndələri ilə ov etmək istəyən bir qrup şəxs arasında ölümlə nəticələnən hadisənin baş verməsi barədə KİV-də məlumat yayılıb.
Bunula bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi açıqlamasında bildirir ki, ölümlə nəticələnən hadisə Azərbaycan Ovçular Cəmiyyəti rəhbərliyinin qanunsuz olaraq həyata keçirdiyi əməllərin nəticəsidir.
Həmçinin qeyd olunub ki, Ovçular Cəmiyyəti dəfələrlə ölkə ərazisində saxta müfəttiş biletləri paylayıb, saxta müfəttişlər vasitəsilə özbaşına reydlər keçirib, həmçinin heç bir əsas olmadan SSRİ dövründən qalmış mülkiyyətdən, yəni indiki dövlət mülkiyyətindən istifadə etməyə və onu özününküləşdirməyə cəhdlər göstərib.
Nazirlik bəyan edib ki, bütün bunlar Ovçular Cəmiyyətinin özünə aid olmayan səlahiyyətləri mənimsəmək cəhdidir və saxtakarlıq faktıdır.
Qeyd edək ki, Beyləqan rayonunda ovçularla Ovçular Cəmiyyəti arasında baş verən silahlı insident nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.
Modern.az