Modern.az

Azərbaycanda aliment ödəməyənlərin əmlakı əlindən alınacaq - ARAŞDIRMA

Azərbaycanda aliment ödəməyənlərin əmlakı əlindən alınacaq - ARAŞDIRMA

22 Oktyabr 2012, 10:07

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda boşanan cütlüklərin sayı minlərlədir. Belə ki, bu ilin yanvar-sentyabr aylarında ölkədə 62,3 min nikah və 8,3 min boşanma halı qeydə alınıb və 2011-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 9,3-dən 9-dək azalıb, boşanmaların sayı isə eyni səviyyədə (1,2) qalıb.

Təbii ki, boşanmalardan həm mənəvi həm də maddi zərər çəkən əsas tərəf uşaqlar olur. Onlar mənəvi travmalar almaqla yanaşı, atanın anaya olan  pis münasibəti səbəbdən maddi sıxıntılar çəkməyə məcbur olurlar.

Belə ki, valideynlər müxtəlif bəhanələr gətirməklə alimentlərdən yayınırlar.  Çox zaman isə gəlirlərin əsas hisəsi gizlədilir və minimum məbləğ məhkəməyə təqdim edilir. Belə olan halda uşaqla tək qalmış ana bunu sübut etməkdə çətinlik çəkir .

Bəs qanun nə deyir ?

Hüquqşünas Əliməmməd Nuriyev  alimentin verilməsinin  qaydasını belə izah edib:
“Bir uşağa görə valideyn qazancının 25%, iki uşağa görə qazancının 33%, uşaqların sayı 3-və daha çox olarsa, qazancının 50%-ni aliment verməlidir. Amma burada söhbət təkcə əmək haqqından getmir,  bütövlükdə gəlirlərindən, ümumi qazancından gedir. Ola bilsin ki, hətta uşaq xəstələnibsə, burada alimentdən əlavə xərclər də tutula bilər. Azərbaycan məhkəməsinin praktikasında belə hallar olub.  Alimentin məbləğinin nə qədər olması ilə bağlı məsələyə gəldikdə isə, bir qayda olaraq burada hər il uşaqlara, əlilliyə,  yetkinlik  yaşında olanlara görə minimal yaşayış  üçün minimum hədd var. Bu il uşaqlar üçün 87 manat təyin edilib. Bir qayda olaraq Bakı şəhər məhkəmələrində bu məbləğə istinad edərkən alimentin bu məbləğə uyğun olaraq hesablanma prosesi ola bilir. Çünki bu zaman ola bilsin ki, valideyinin hansısa bir sabit gəliri yoxdur”.  

 Hüquqşunas bildirib ki, kənd yerlərində alimentin məbləği elə də böyük olmur.

“Şəhərlə rayon yerində alimentin məbləğində fərqlər olur. Aliment üçün konkret sabit bir məbləğ yoxdur. Bu gəlirlərdən, yaşayış miniumumdan asılı olan bir məbləğdir. Sabit məbləğin müəyyənləşdirilməsində bu cür hesablanmalar apaırıla bilər. Eyni zamanda onu da deyim ki,  natura formasında da aliment alına bilər. Digər tərfdən əgər aliment ödənilmirsə, məhkəmənin qərarına əhəmiyət verilmirsə və ya  gecikirsə, onda həmin şəxsin axtarılması və alimentdən yayınma ilə bağlı cinayət məsuliyyəti də Azərbaycan qaununvericiliyi ilə nəzərdə tutulub.  Doğrudur, praktikada çox zaman valideynlər müxtəlif formada alimentdən yayınmağa çalışırlar. Bu gün gizli məşğulluğun olmasını nəzərə alsaq, kişilər faktiki olaraq bu və ya digər ticarət obyektini qeydiyatdan keçmədiklərinə görə bu gəlirlər görünmür“.

Ə.Nuriyev eyni zamanda uşaq evlərində olanların da aliment alma imkanlarının olduğunu  vurğulayıb.

“Bəzən uşaqların yaşayış yeri yoxdur, valideyin himayəsindən məhrumdur. Onda belə olan halda  valideynin gəlirlərindən tutaraq alimentin məbləği uşaq evlərinə göndərilir.  Və həmin uşaq evlərində uşaqların adına hesab açılır, aliment həmin hesaba daxil olur. Daxil olan məbləğin 50%-ə qədəri isə həm də banka qoyulur. Oradan gələn gəlirin yalnız 50%-i  uşaq üçün xərclənə bilər. Çünki valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlət nəzarətindədir. Qalan hissə uşağın adına yığılır, böyüdükdə isə yığılan məbləğlə bağlı o sərbəst sürətdə sərəncam vermək huququna malikdir“.

Ə.Nuriyev deyir ki, bir qayda olaraq gəlirlərin gizlədilməsi olan halda ana atanı məhkəməyə verib əlavə gizlədilən gəlirin alimentini ala bilər. Çünki qanunivericilikdə yazılıb ki, valideyn   bütün gəlirlərindən aliment  verməlidir.

Ədliyyə Nazirliyi Məhkəmələrin İcrası Baş İdarəsinin rəisi Xanlar Zeynalov bildirib ki, şəxsin iş yerinin, əlavə gəlirlərinin olmaması məhkəmə qərarlarının icrasında problemlər yaradır.

"İnzibati tədbirlər müsbət nəticə vermədiyi halda, həmin şəxslər barəsində cinayət işi başlanır. Hətta ötən ilin birinci yarısında alimentin ödənilməsi ilə bağlı məhkəmə qərarını icra etməkdən qəsdən boyun qaçıran 72 şəxs barəsində cinayət işi başlanıb, istintaq aparılıb".

Rusiya variantı köməyə gəlir

Millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə Rusiyada istifadə olunan üsulu müsbət qiymətləndirir.

“Rusiya bunun yolunu tapıb. Belə ki, Rusiya insanların əmlakına şərt qoyur. Dövlət onun əmlakını götürür, müqabilində isə onun pulunu aliment alana verir. Yəni onun  əmlakına yönəldir. Biz də istəyirik  ki, buna bənzər bir şey edək. Azərbaycanda alimentdən yayınan çoxdur və bu da Azərbaycan üçün xarakterik bir məsələdir”-deyə millət vəkili qeyd edib.  

Dövlətə yeni təşəbbüs

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyətinin sədri Novella Cəfəroğlu isə məsələnin həlli üçün yeni təşəbbüs irəli sürdüklərini deyib.  

“Biz hökumətə belə bir  təşəbbüslə müraciət etmişik ki, alimentlərin hamısını dövlət öz üzərinə  götürsün və sonra kişiləri işlə təmin etsin, həmin məbləği ondan geri alsın və .s. Biz istəyərdik ki, belə bir qanun qəbul olunsun. Çünki çox adam 10, 15 manat verir, o biri işləri gizlədir. Amma halbuki, kənarda 1000-2000 manat pul alır. Ona görə də biz təşəbbüsdə bulunuruq ki, hökumət uşağın 18 yaşına qədər yaşaması üçün lazım olan məbləğdə aliment versin, amma sonra kişidən özü pulu alsın. Axı dövlət  pulu kişilərdən daha  tez ala bilər. Kişilər aliment ödəməkdən yayınırlar. Amma dövlət ona iş verəcək ki, get işlə bu alimentin məbləğini dövlətə  qaytar.

Din də bu məsələdə ana və uşaqların tərəfindədir

İlahiyyatçı Elşad Miri bildirir ki, valideynlər ayrılan zaman atanın ananı və uşaqları maddi baxımdan təmin etməsi məcburidir. “Boşanarkən kişi qadını qida, geyim,  qalacaq evlə təmin etməli, həm də onlara aylıq vəsait ödəməlidir. Əvəllər insanların nə qədər aliment verəcəyi göstərilmirdi. Çünki əvvəllər maaş yox idi. Biri əkinçiliklə, biri ticarətlə dolanırdı . Yəni gündəlik yeməyi, tələbatı nə qədərdisə, o qədər doyurmalıdır”.

Göründüyü kimi boşanmaq heç də valideynləri övladları qarşısında olan məsuliyyətindən azad etmir.

Şahanə RƏHİMLİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU