Quba seçicilərini Milli Məclisdə təmsil edən Vahid Əhmədov rayonda növbəti qəbulunu keçirib. Deputatın köməkçisi Arif Orucov Modern.az-a deyib ki, istirahət günü olsa da, qəbula xeyli gələnlər olub. Seçicilərin bir çoxu qəbul zamanı öz məişət problemlərinin həlli üçün deputata müraciət edib. Qubada hazırda vüsət almış genişmiqyaslı təmir-abadlaşdırma işlərini dəstəkləyənlərlə yanaşı, narazılıq edənlər də olub. Başlıca səbəb isə təmir işləri zamanı sakinlərin mülklərinə dəyən ziyanın aidiyyatı qurumlar tərəfindən çox gec aradan qaldırılmasıdır.
Seçicilərdən biri isə deputatdan 2013-cü il dövlət büdcəsinin müzakirəsi zamanı müəllim və alimlərin sosial problemləri və mənzil şəraitinin yaxşılaşdırılması üçün büdcədən ayrıca vəsaitin ayrılması məsələsini qaldırmağı xahiş edib.
Qəbul zamanı səsləndirilən problem və təkliflər qeydiyyata alınıb, onların həlli üçün tədbirlər müəyyənləşdirilib.
Növbəti qəbul noyabr ayına planlaşdırılıb.