Yaponiyada məktəb təhsilinin 12 il olduğunu çoxları bilmir. Ana dilinin öyrənilməsinin çətinliyi səbəbindən bu müddətin yarıdan çoxu ibtidai təhsilin payına düşür. Hər bir məktəbli ən azı 1850 heroqlif mənimsəməlidir (bu Yaponiya təhsil nazirliyinin tələbidir). Deyəcəksiniz ki, bəs niyə belə az? Həqiqətən də yapon qəzetlərində nə yazıldığını başa düşmək üçün azı 3000 heroqlif bilməlisən. Digər tərəfdən fikirləşirsən ki, məgər 12 il ərzində 2000 heroqlif əzbərləmək bu qədər çətindir? Əlbəttə çətindir, bu heroqliflərin hər birin bir neçə mənası və iki cür oxunuş qaydası var. Amma hələ bu da hamısı deyil. Yapon dilində hər birində 48 işarə olmaqla iki əlifba da var.
Bütün bu müddət ərzində uşaqlar yalnız ana dilini deyil, həm də vətənlərinin tarixini də öyrənməlidirlər. Yeri gəlmişkən qeyd edək ki, yapon tarixi imperatorların hakimiyyəti illərinə görə hesablanır. Əgər siz yenicə məktəbə gedən şagirdi 6 il sonra yenidən görsəniz çətin ki, onu tanıya biləsiniz.
Məktəb dərslərindən sonra uşaqlar, adətən, evə deyil, əlavə tədris müəssisəsinə gedirlər. Burada öyrədilən biliklər orta məktəbə və universitetə daxil olmaq üçün lazım olur. Belə əlavə tədris müəssisəsi “dzyuku” adlanır. “Dzyuku” – “ustalıq məktəbi” deməkdir. Amma bu “məktəbi repititor məktəbi” adlandırmaq daha düzgün olardı. Bu məktəblərdə dərs deyən müəllimlər uşaqların məktəbdə deyilən dərsləri bir daha izah edir, əlavə olaraq imtahanlarda uğur qazanmaq üçün lazım olan yeni biliklər də verirlər. İlk “dzyuku”- lar XVII əsrdə Tokioda meydana gəlib. O zaman belə məktəblər kalliqrafiya ustaları tərəfindən təşkil olunurdu. Məktəbdəki uşaqların sayı 10 nəfərdən artıq olmurdu. Yeri gəlmişkən qeyd edək ki, yapon məktəblərindəki siniflərdə 45-ə qədər şagird oxuyur. Amma belə hallara dzyukularda icazə verilmir. Bir neçə il əvvəllərə qədər elitar universitetlərə daxil olmaq üçün dzyukulara gedərdilər. Amma indi sıradan bir kollecə və ya ali məktəbə qəbul olmaq üçün də buna gərək duyulur.
İbtida sinif şagirdlərinin 15%-i, orta sinif şagirdlərinin 50%-i, yuxarı sinif şagirdlərinin 99%-i dzyukularda təhsil alır. Dzyukularda təhsil alan şagirdlərin arasında 3 yaşından 18 yaşına qədər uşaqlara rast gəlmək olar. Yaponlar uşaqların təhsilinə pul xərcləməkdə xəsislik etmirlər. Belə ki, bir məktəblinin dzyukuda təhsil alması 20 min ienə başa gəlir. Bu isə orta əmək haqqının (300 min ien) təqribən 7%-i deməkdir. Beləliklə dzyukular Yaponiyada hərbə sərf olunan qədər pul əldə edir.
5 yaşlı uşaqlar “hər kəs lider ola bilər!” devizi altında tərbiyə olunurlar. Bunun üçün uşaqların qarşısında məcburi tələblər qoyulur: özünə xidmət etmək, aza qane olmaq, hansısa fəaliyyət üçün plan tərtib etmək və bunu səmimi və könüllü şəkildə yerinə yetirmək.
Qolden Boy deyirdi: “İşləmək, işləmək, işləmək, işləmək, işləmək, işləmək!!!”. Amma yaponlar üçün “işləmək” sözünün yerinə “oxumaq” deyilsə, daha uyğun gələr. Yaponiyada təhsil ili dünyanın ən uzun təhsil ilidir. Təhsil ilinin uzunluğu tam 240 gündür. Uşaqlara o qədər ev tapşırığı verirlər ki, onların yerinə yetirilməsinə gündə 6 saat vaxt sərf edirlər. Valideynlər də nəzarət edirlər ki, uşaqlar tapşırıqlarının hamısını yerinə yetirsinlər. Əks halda yaxşı universitetə qəbul olunmaq mümkün deyil. Bunu da unutmayın ki, bu məsələdə yapon analarını aldatmaq mümkün deyil. Onlar şagirdlərin özlərindən daha yaxşı bilirlər ki, ev tapşırıqlarının həcmi nə qədərdir. Onların düzgün və tam yerinə yetirilməsini isə müəllimdən soruşmağa ehtiyac duymurlar. Ona görə də müasir anaları “keiku mama” (təhsilə mübtəla olmuş ana) adlandırırlar. Belə analar övladları xəstələndikdə məktəbə gedərək parta arxasında oturub, müəllimlərin izah etdiklərini birəbir yazmaqdan çəkinmirlər. Sonra evdə övladını bunların hamısını əzbərləməyə məcbur edirlər.
Yaponlar çox intensiv yaşayırlar – televizor işləyir, qardaş-bacılar “boğuşur”, hər tərəfi səs-küy bürüyür. Belə şəraitdə necə oxuyasan? Vəziyyətdən çıxış çox sadədir. Şirkətlərdən biri içində partada oturan insanın yerləşə biləcəyi kiçik otaq şəklində taxta “tabut” istehsal edir. Bu “tabut” çöl tərəfdən kilidlənir. Uşağı susuz-çörəksiz həmin kiçik otağa oturdub məcbur edirlər ki, nüvə fizikasına aid dərsləri öyrənsin. Ananın bütün suallarına cavab vermədən oradan çıxmaq mümkün deyil. Necə deyərlər tələbdən təklif doğurur. Düzdür, bunu bütün valideynlər etmir, sadəcə yaponlar təhsilə bu qədər sərt tələblər qoyurlar. Təsəvvür edin ki, elə məktəblər var orada ümumiyyətlə imtahan yoxdur. Cəlbedici olmalıdır, amma belə məktəblərdən çox az adam istifadə edir. Çünki tənbəl yaponu heç nazirin zəngi də işdən qovulmaqdan xilas edə bilmir. Ona görə də yaponlar prinsipal və zəhmətkeş insanlardır.
Təhsil sistemində ən dəhşətlisi imtahan götürənlərdir. Onlar tələbələri məcbur edirlər ki, hər şeyi nöqtəbənöqtə öyrənsinlər. Hətta lüğətdəki sözləri birinci səhifədən axırıncı səhifəyə qədər əzbərləməyə məcbur edirlər.
Əgər tələbələrdən biri hansısa hadisənin səbəbi haqqında öz fikrini bildirsə, məktəbə qəbul olmaq fikrindən vaz keçməlidir. Abituriyent Sokratın deyimlərini əzbərdən söyləyərsə, bu tamam başqa məsələ!
Məktəblilər arasında keçirilən sorğuların birində məlum olub ki, onların 60%-i özləri üçün hətta alma da soymayıblar, şam yeməyi hazırlamayıblar və yaxud yeməyi stolun üstünə qoymayıblar. Onlar sutkanın 10 saatını əzbərləməklə məşğul olurlar. Hesablamalara görə balaca yaponların ən azı 200 min nəfəri məktəbə nifrət edir. Hətta onlardan 30 mini məktəbə getməkdən imtina edir. İndi də vəziyyət bir o qədər dəyişməyib. Yapon məktəbində oxumaq çox çətindir. Axı uşaq sadəcə məktəbdə oxumaqla kifayətlənməməlidir. O, həm də özünə universitet seçməli, ora daxil olmaq üçün müəyyən fənlər üzrə maksimum miqdarda bal toplamalıdır.
Yapon məktəbində müəllimlərə kifayət qədər şərəfli rol ayrılır. Bunun əsasında ağsaqqala ehtiram təlqin edən Konfutsi ayini durur. Yaponların “müəllim” sözü (“sensey”) hərfi tərcümədə “daha əvvəl doğulmuş” mənasını verir. Məktəb müəllimi yalnız bilik vermir, o, həm də tərbiyəçi, yeniyetmələrin məsləhətçisi qismində təmsil olunur. Məhz buna görə də yapon məktəblərində dərs deyən müəllimlər arasında kişilər üstünlük təşkil edir.
Uşaqlarda şəxsiyyətin formalaşdırılması üsulu da çox maraqlıdır. Yapon məktəblərində özünütənqid dərsləri var. Əgər yapon məktəbinə daxil olduqda məktəblinin özünü mühakimə edərək nəyin onun xoşuna gəldiyini, nəyin xoşuna gəlmədiyini söylədiyini, özü haqqında necə pis danışdığını, yaxud özünü təriflədiyini eşitsəniz, heç təəccüblənməyin.
Etibar Əliyev,
Milli Məclisin deputatı