“2007-ci ildən bu günə qədər 1000-ə yaxın vərəmli xəstə aşkarlanaraq müalicəyə cəlb olunub”. Bunu Modern.az-a açıqlamasında 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi, millət vəkili Sədaqət Vəliyeva deyib. O, bildirib ki, vərəm xəstələrinin müalicəsi tamamilə dövlətin hesabına həyata keçirilir. Baş həkimin sözlərinə görə, vərəm xəstəliyindən əziyyət çəkən insanlara xüsusi diqqət göstərilir, onların müalicəsi üçün bütün tədbirlər görülür:
“Hazırda Azərbaycanda vərəm xəstələrinə olan diqqət və qayğı dünyanın bir çox dövlətlərinə nümunə ola bilər. Sözügedən xəstəlikdən əziyyət çəkən insanlara xüsusi diqqət göstərilir, onların müalicəsi üçün bütün tədbirlər görülür. Bu gün vərəm dispanserlərində və ərazi poliklinikalarında yaradılmış xüsusi otaqlarda (DOT kabinetlərdə) vərəm xəstələrinə pulsuz olaraq dərmanlar paylanılır. Tibb bacıları həmin xəstələrin bu dərmanları qəbul etmələri üçün çalışırlar. Çünki, xəstələr bəzi hallarda müalicədən yorulduqlarına görə və ya digər səbəblərdən dərmanları içməyə bilərlər. Ona görə də, bu xəstələr tibb işçilərinin nəzarəti altında həmin dərmanları qəbul edirlər. Hətta, uzaqdan gələn xəstələrə belə yol xərci də verilir”.
Millət vəkilinin sözlərinə görə, vərəm xəstələrinin müalicəsi tamamilə dövlətin hesabına həyata keçirilir. Onun sözlərinə görə, xəstəliyin formasından asılı olmayaraq, müalicəyə sərf olunan dərmanlar da dövlət tərəfindən verilir:
“Hal-hazırda dünyada vərəmin dərmana davamlı formaları meydana gəlib. Bunun isə səbəbləri müxtəlifdir. Şəraitdən asılı olaraq, aparılmış müalicə zamanı dərmanların effekti olmadıqda, onlar vaxtında qəbul edilmədikdə və xəstə öz müalicəsinə qeyri-ciddi yanaşdıqda mikrobların dərmana davamlı formaları meydana çıxır. Ona görə də, bu gün dərmana davamlı formaların müalicəsi üçün xüsusi proqram hazırlanıb və reallaşdırılır. Bu cür xəstələrin müalicəsi uzun müddətli olur və bir xəstənin müalicəsi 50 000 manat xərc tələb edir. Sözsüz ki, bu vəsaiti də dövlət ödəyir. Bununla yanaşı, həmin xəstələrə yol və ərzaq xərclərini qarşılamaq üçün maddi vəsait də verilir”.
Respublikada vərəm əleyhinə mübarizənin vərəm dispanserlərində aparıldığını söyləyən S.Vəliyeva onu da bildirdi ki, Ağciyər Xəstəlikləri İnstitutunda referens laboratoriyalar fəaliyyət göstərir ki, toplanmış bəlgəm materialları həmin laboratoriyalarda yoxlanılır və aşkar olunan dərmana davamlı formalar Səhiyyə Nazirliyi tərəfindən yaradılmış komissiyaya təqdim olunur. Həmin komissiya isə bu cür xəstələri müalicəyə cəlb edir. Komissiyanın rəyinə əsasən, dərmana davamlı xəstələrin müalicəsi cərrahiyyə və ya konservativ yolla aparılır. Bunun üçün isə xüsusi formalaşdırılmış 6 saylı Vərəm dispanseri yüksək səviyyədə təmir olunaraq, istifadəyə verilib.
Gültəkin Ələsgər