Bu gün Biləcəri qəsəbəsi, yeni yaşayış massivi 12-də yaşayan Niyazi İsmayılovun ailəsi ilə ARDNŞ-nin işçiləri arasında qarşıdurma olub. Bu barədə
Modern.az-a Niyazi İsmayılovun dostu Seymur Verdiyev məlumat verib .
O bildirib ki, əyinlərinə ARDNŞ-nin təhlükəsizlik xidmətinin formasını geyinən 20-30 nəfər qəfildən evə hücum ediblər.
“Evdə sakitcə oturub çay içirdik. Birdən gördük ki, ARDNŞ-nin hərbi formalı 20-dən çox işçisi evə hücum etdi. Böyük- kiçik demədən kim gəldi o ki var döydülər. Qadını dubinka, daş ilə vururdular. Qan su yerinə axırdı. 11 yaşlı uşağı elə vəhşicəsinə itələyiblər ki, xəsarət alıb, qanını durdurmaq olmurdu. Hazırda 4-cü polis bölməsindəyik. Bizə də maraqlıdır ki, niyə 5-6 evin arasında yalnız bu evə hücum etdilər. Özü də heç nə demədən , müqavimət göstərmədən vəhşicəsinə zor tətbiq etdilər. Həm döydülər, həm də evi sökdülər. İmkan vermirdilər ki, evdən uşaqları da çıxardaq “- deyə Seymur Verdiyev bildirib.
S.Verdiyev qeyd edib ki, evin tikintisi hələ bitməyib və dünən günorta saatlarında tikintinin davam etdiyi bir zaman 3-4 nəfər şəxs Niyaz İsmayılova yaxınlaşaraq evin tikintisini dayandırmağı tələb edib. Bu gün ayrı bir komanda gələrək qanlı hadisəyə səbəb olan zorakılığı tətbiq ediblər. Hazırda şikayət ərizəsi vermək üçün polis bölməsinə gedən Niyaz İsmayılov əvvəllər hər hansısa bir xəbərdarlığın gəlmədiyini deyib.
Şahanə RƏHİMLİ