Bir müddət öncə Rusiyada yaşayan azərbaycanlı yazıçı-publisist Eduard Bağırov twitter sosial şəbəkəsində yaydığı məlumatda bildirmişdi ki, Rüstəm İbrahimbəyova qarşı kampaniya ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyindən (AYB) istefa verir. Bu açıqlamadan uzun müddət keçsə də, yazıçı hələ də AYB-nin üzvlüyündən çıxarılmayıb.
AYB-nin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu Modern.az-a açıqlamasında E.Bağırovdan birliyə bu haqda heç bir yazılı müraciət daxil olmadığını bildirib.
“Yazılı müraciət olmayan təqdirdə heç kəs onu üzvlükdən çıxara bilməz. Ya o, hansısa səhv hərəkəti ilə bağlı özü AYB-yə dəvət olunmalıdır, ya da katibliyin iclası keçirilməli və Bağırovun birliyin üzvlüyündə qalıb-qalmaması məsələsi müzakirə olunmalıdır. Hələ ki Eduard Bağırovun nə ərizəsi var, nə də müraciəti. Ona görə də həmin şəxs AYB üzvü olaraq qalır. Yəni nə onun öz ərizəsi var, nə də katiblik elədiyi hərəkətlər haqqında onu üzvlükdən çıxarıb. Bu adamın elə bir hərəkəti də yoxdur ki, bizdə müzakirə olunsun”.
Ramil Səfərovun əfv edilməsi məsələsini “Azərbaycanın təxribatı” adlandıran Eduard Bağırov bu ifadəsi ilə AYB-dən çıxarılmaq üçün əsas yaradırmı?
Ədalət Əsgəroğlu E.Bağırovun bu açıqlamasını da AYB-dən xaric edilmə üçün əsas saymır.
“Sərbəst yazarların hər biri fikir deyə bilər. Amma bu cür fikirlər bizim mətbuatda da tez-tez səsləndirilir. Müəyyən tanınmış şəxslərin dilindən belə fikirlər eşitmişik. Ona görə sərbəst fikirlərə müdaxilə etmək olmur. Əgər bu, dövlətçiliyin əleyhinə, dövlətə xəyanətə yönəlmiş fikirlər olsa və hüquq-mühafizə orqanları da buna reaksiya versə və ya həmin şəxs bu məsələləri gündəmdə saxlayıb ictimai qınağa tuş gəlsə, bəli, təbii ki, o halda Yazıçılar Birliyi də öz qəti sözünü deyər”, – deyə AYB sözçüsü əlavə edib.
Sevinc İltifatqızı