“Bu görüşün arxasında milli maraqlardan daha çox, Rusiyanın maraqları durur”.
Bu fikirləri politoloq Zərdüşt Əlizadə Rusiyada Azərbaycan və erməni diasporunun nümayəndələrinin bu gün Moskvada keçirilən görüşünü Modern.az-a şərh edərkən bildirib. Politoloqun fikrincə, ermənilərlə görüşün arxasında milli maraqlar dayanmır, bu görüş birbaşa Rusiya rəhbərliyinin tapşırığı əsasında həyata keçirilir.
“Azərbaycan və Ermənistan nümayəndələrinin Moskvada görüşü təbii ki, normaldır. Biz ermənilərlə dost da olmuşuq, düşmən də. Hər iki xalqın müəyyən bir hissəsinin acgözləri bunları düşmən elədilər. Əgər Rusiydakı azərbaycanlı və erməni diaspor nümayəndələri ilə görüşürsə bu heç də göründüyü kimi deyil. Hesab edirəm ki, bu görüşlərin arxasında birbaşa Rusiya hökuməti dayanır. Sözügedən hər iki təşkilat Rusiya rəhbərliyinə bağlı təşkilatlardır. Onların düşmənçiliyi də, dostluğu da yuxarından gələn tapşırıqlardan aslıdır. Çox güman ki, bu gün keçirilən görüş Rusiya rəhbərliyinin daha bir oyunudur. Rusiya tapşırıq verib ki, dostluq danışıqlarına başlayın. Bu baxımdan hesab edirəm ki, burada milli maraqlardan daha çox, Rusiyanın maraqları dayanır. Onların biznesləri Rusiyada olduğu üçün təbii ki, Kremlin tapşırıqlarını icra etməyə məcburdurlar”, - deyə Z.Əlizadə bildirib.
Qeyd edək ki, bu gün Moskvada Rusiyada yaşayan Azərbaycan və erməni diasporunun nümayəndələri arasında görüş keçirilib. Görüşdə “Azərros” Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqov, “Azərbaycan Konqresi” qəzetinin baş redaktoru Rüstəm Arifcanov, “Tribuna” qəzetinin baş redaktoru Rəfael Hüseynov, Moskva Hökuməti yanında Milli KİV üzrə Komissiyanın sədri Cəmil Sadıqbəyov, Azərbaycan Beynəlxalq Bankının Moskva filialının direktor müavini Azər Səfərov və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Ermənistan tərəfdən isə görüşə Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan, SSRİ xalq artisti Armen Ciqarxanyan, Rusiya Erməni İttifaqının vitse-prezidenti Vyaçeslav Qalustyan, “Armeniya i mir” jurnalının baş redaktoru Lusik Qukasyan, Ermənistanın Rusiyadakı sabiq səfiri Armen Sımbatyan, bu ölkənin Moskvadakı səfirinin köməkçisi və başqaları qatılıblar.
Anar RÜSTƏMOV