Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Bakıya gəlib.
Bu barədə Modern.az saytına Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının ("AzerRos") vitse-prezidenti , “Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin sədri Vidadi Abbasov bildirib. Onun sözlərinə görə, Abbas Abbasov yeni təşkilatın prioritetləri barədə Azərbaycan Prezident İlham Əliyevi məlumatlandırmaq niyyətindədir.
Qeyd edək ki, yeni yaranmış Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının yaranması Azərbaycanda ciddi rezonans doğurub. Qurumun fəaliyyəti Abbas Abbasovun İlham Əliyevlə görüşünədək dayandırılıb. Həmin görüşün nəticələrinə uyğun olaraq təşkilatın gələcək taleyi barədə qərar qəbul olunacaq.
Abbas Abbasov təşkilat təsisçilərinin 28 sentyabr tarixindəki iclasında yekdilliklə qurumun sədri vəzifəsinə seçilib.
“Abbas Abbasov nəinki Azərbaycanda, hətta Rusiya və bütün MDB məkanında tanınır və böyük hörmətə malikdir. O uzun müddət Heydər Əliyevlə birgə çalışıb, dəyərli dövlətçilik təcrübəsinə malikdir, Azərbaycan Baş nazirinin birinci müavini postundan gedəndən sonra isə özünü ictimai fəaliyyətdə də ən yüksək səviyyədə göstərib. Çox qiymətli məqam həm də ondan ibarətdir ki, onunla Azərbaycan Prezidenti İlham Əliyev arasında davamlı, etibarlı münasibətlər və qarşılıqlı hörmət mövcuddur. Bu və digər amilləri nəzərə alan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçiləri yekdilliklə məhz Abbas Abbasovun namizədliyini tövsiyyə edib onu qurumun sədri vəzifəsinə seçdilər”, - deyə Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının sədri Söyün Sadıqov qeyd edib. O, əlavə edib ki, "Azərbaycan prezidenti İlham Əliyevin müvafiq məsələlərə dair mövqeyi hamımız üçün olduqca mühüm əhəmiyyət kəsb edir və Rusiyadakı Azərbaycan diasporunun zəruri məqsəd və vəzifələrinin həyata keçirilməsində əlaqələndirici funksiya daşıyan təşkilatımızın fəaliyyəti üçün dəyərli istiqamətverici amil olacaq".
***