Modern.az

Gürcüstanda azərbaycanlı ailəyə silahlı dəstənin basqını - FOTOLAR

Gürcüstanda azərbaycanlı ailəyə silahlı dəstənin basqını  - FOTOLAR

23 Oktyabr 2012, 18:47

Oktyabrın 21-dən 22-nə keçən gecə Gürcüstanın Bolnisi rayonunun Kvemo Arxevani (Qoşakilsə) kəndinə Şirinovlar ailəsinə silahlı dəstə basqın edib. Ailənin üzvü Aidə Şirinovanın Modern.az-a verdiyi məlumata görə, qara maskalı və qara əlcəkli beş nəfərdən ibarət silahlı dəstə evə basqın edərək ailə üzvləri – Yasin Şirinov, Nargül Şirinova, Azər Şirinov, Xəyalə Şirinova və iki azyaşlı uşağın ağız və əl-qollarını bağlayaraq onlara bədən xəsarətləri yetirərək pul və qızıl əşyalar tələb ediblər. 

“Silahlı dəstə ailə üzvlərinə amansız işgəncələr veriblər. Ailə başçısı 68 yaşlı Yasin Şirinov və xanımı Nargül Şirinovaya avtomatın qundağı ilə başından, oğulları Azər Şirinova isə çənə nahiyəsindən ağır zərbələr vurulub. Evin gəlini Xəyalə Şirinovaya da ağır işgəncələr verilib. Oğru dəstənin üzvü onun boynuna rezin şlanq keçirərək sürüyüb, ondan pulların yerini deməyi tələb edib. Dəstə üzvləri evin gəlinindən ütünün harda olmasını xəbər alıb. Məqsəd ütünü yandırıb ailə üzvlərinə işgəncə vermək olub”, - A. Şirinova bildirib. Onun sözlərinə görə, silahlı dəstə evdən 300 lari məbləğində pul və xeyli qızıl əşyalar aparıb.
“Silahlılar o qədər amansız olublar ki, hətta kiçik uşaqların ağızlarını skoçla bağlayıblar. Oğru dəstə evi tərk edəndə kiçik yaşlı qızın qulağında olan qızıl sırğanı da açıb götürüb”, - A. Şirinova deyib.  Şirinovanın sözlərinə görə, bu cür hadisə birinci dəfə deyil ki, baş verir. “Son aylar ərzində Gürcüstanın azərbaycanlı kəndlərində artıq bir neçə ailəyə silahlı basqın edilərək evləri yarılıb. Çox güman ki, basqını eyni dəstə törədir. Bütün kənd sakinləri qorxu içərisində yaşayır və bu cür hadisənin təkrarlanacağından narahatdırlar”, - o deyib.  A.Şirinova cinayət hadisəsinin üstünün açılacağına ümid etmədiklərini bildirib. “Kənddə son illər ərzində bir neçə cinayət hadisəsi törədilib və bu günə qədər heç birinin üstü açılmayıb. Silahlı basqınların azərbaycanlıları Gürcüstandan sıxışdırmaq məqsədilə törədilir.  Silahlı basqınları həmçinin Gürcüstanda oktyabrın 1-də keçirilmiş parlament seçkiləri və yeni hökumətin yaradılması ilə də bağlı ola bilər”, - o deyib.
A.Şirinova törədilmiş cinayət hadisəsi ilə bağlı Bolnisi rayonunun Baş Polis İdarəsində istintaq aparıldığnı bildirib. “Ailə üzvlərimiz ciddi stress keçirib, onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta ağırdır”, - o deyib.    Aidə Şirinova Gürcüstanda fəaliyyət göstərən diaspor təşkilatlarının və Azərbaycan televiziyalarının regional müxbirlərindən narazılıq ifadə edib.
“İctimai Televiziyanın Gürcüstan müxbiri Təhməz Təhməzova zəng vurub hadisəni işqılandırmağı xahiş etsək də, o, çəkilişə icazənin olmadğını deyib. O bildirib ki, çəkiliş üçün Azərbaycanın Gürcüstandakı səfirliyinin və ya polisin icazəsi lazımdır. Nə vaxtdan çəkiliş üçün icazə tələb olunur? Təhməz Təhməzov hadisədən sonra xəsarət alanlar polisdən evə qayıdandan sonra çəkiliş aparıb hadisəni işıqlandıra bilərdi”, - o deyib.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi