“Mədəniyyət və Turizm Nazirliyinin kifayət qədər potensialı var ki, mədəniyyət sahəsində həm nəzarət və qiymətləndirmə, həm də təhlillər aparsın”. Bunu Modern.az-a açıqlamasında millət vəkili Nizami Cəfərov “Mədəniyyət haqqında” qanun layihəsinin mahiyyəti barədə danışarkən deyib.
Deputat bildirib ki, 12 fəsil 69 maddədən ibarət olan qanun layihəsində mədəniyyət sahəsində dövlət reyestrinin aparılması və bu dövlət reyestri sistemi müxtəlif reyestrlər, kataloqlar, uçot sistemləri, dövlət mədəniyyət əmlakının siyahıları, qeydiyyat sistemlərindən ibarətdir. Həmçinin qanun layihəsində mədəniyyət sahəsində dövlət monitorinqinin aparılması da nəzərdə tutulub.
“Qanun layihəsində nəzərdə tutulur ki, Mədəniyyət və Turizm Nazirlliyi vaxt aşırı ölkədə mədəniyyətin vəziyyəti, inkişafı haqqında təhlillər aparsın. Cəmiyyətdə müəyyən bir təsəvvür yaransın ki, bax mədəniyyətimizdə hansı hadisələr baş verir. Mədəniyyət üzrə tənqidçilər, təhlilçilərin fəaliyyəti genişləndirilsin. Xüsusi ilə də televiziyalarımızda ardıcıl olaraq mədəniyyət xadimlərimizin yubileyləri keçirilsin. Musiqimizin, ədəbiyyatımızın, incəsənətin başqa sahələrinin nümunələrinin vəziyyətində baş verən dəyişikliklər çatdırılsın. Amma bütün bunlar nəzarət şəklində olmayacaq. Bu qanun layihəsi ondan ötrüdür ki, görək inkişaf üçün bundan başqa nə iş görmək olar”.
N. Cəfərov eyni zamanda dövlət əhəmiyyətli abidələrin yeni reyestrinin aparılmasının vacibliyini də vurğulayıb. Deputat hesab edir ki, bu yolla diqqət mərkəzindən kənarda qalmış abidələr unudulmayacaq. “Azərbaycanda abidələrin reyestrində istər beynəlxalq, istər respublika miqyaslı, istərsə də region miqyaslı abidələr nəzərə alınıb. Amma daimi təhqiqatlar aparılır, araşdırmalar gedir. Bu gün respublika əhəmiyyətli bir abidə sabah dünya əhəmiyyətli ola bilər . Əslində bu işlər Milli Elmlər Akademiyasına qanunla tapşırılıb. Amma bəzən deyirlər ki, birdən onların təhlilləri düzgün olmadı. Yəni abidələrin əhəmiyyəti dəyişə bilər. Bununla yanaşı, əsas məsələ indi yeni reyestrlərin olmasıdır”, – deyə deputat vurğulayıb.
Şahanə Rəhimli