Modern.az

Akif Nağıdan Müsavat başqanına ittiham: “İsa Qəmbər yalan deyir” - AÇIQLAMA

Akif Nağıdan Müsavat başqanına ittiham: “İsa Qəmbər yalan deyir” - AÇIQLAMA

24 Oktyabr 2012, 11:07

Qarabağ Azadlıq Təşkilatı Müsavat başqanı İsa Qəmbərin Gürcüstanda erməni siyasi partiya rəhbərilə görüşünü sərt tənqid edib. Bu barədə Modern.az saytına açıqlama verən QAT sədri Akif Nağı İsa Qəmbərin Gürcüstan səfərinin arxasında başqa maraqların dayandığını bildirib. Onun sözlərinə görə, bu kimi görüşlərin arxasında beynəlxalq güclərin sifarişi dayanır.

“Qarabağ Azadlıq Təşkilatı Müsavat başqanı İsa Qəmbərin Gürcüstanda erməni partiya rəhbərləri ilə görüşünü qətiyyətlə pisləyir. Hesab edirəm ki, bu kimi görüşlərin arxasında gizli maraqlar dayanır. Beynəlxalq mərkəzlərdən onlara siqnal verilib ki, artıq Qarabağ məsələsi qutarıb və bundan sonrakı dövrü formalaşdırmaq lazımdır. Onların fikirləri də budur. Artıq torpaq məsələsindən danışmaq lazım deyil. Məsələ baş verdi və torpaq qaldı ermənilərin nəzarətində. İsa Qəmbər  deyir ki, biz bu görülərdə avrointeqrasiyadan söhbət edirik. Bu ağ yalandır. Söhbət Dağlıq Qarabağla bağlı hazırki vəziyyəti Azərbaycan cəmiyyətinə qəbul etdirməkdir”, - deyə A.Nağı İsa Qəmbəri tənqid edib.

Qeyd edək ki, oktyabrın 29-30-da Gürcüstanın paytaxtı Tiflisdə üç Qafqaz ölkəsinin - Azərbaycan, Ermənistan  və Gürcüstanın liberal siyasi partiya rəhbərlərinin görüşü olacaq. Bu görüşdə Azərbaycanı Müsavat başqanı İsa Qəmbər, Ermənistanı Erməni Ümumilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan və Gürcüstanın “Respublikaçılar” Partiyasının rəhbəri, parlamentin yeni sədri David Usupaşvili təmsil edəcək.

Görüşdə Cənubi Qafqazdakı siyasi vəziyyət və ondan çıxış yollarının müzakirə olunacağı gözlənilir. Görüşün sonunda birgə bəyanat imzalanacaq.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi