Şöhrət Eldəniz
Tamaşaçı daha çox Lopezin ... baxmağı sevir
Azərbaycan kinosu niyə problemli vəziyyətdədir? Bu sualın əslində, cavabı çox qısadır. Biz kinoteatra gedib 10 manatımızdan keçib kinoya baxmırıq ona görə. Əgər kinoya baxmırıqsa, deməli, kino sənayesi də pul qazana bilmir. Nəticədə isə yeni filmlər çəkilmir. Deyəcəksiniz ki, əhali nə qazanır ki, 10 manat verib kinoya da getsin?
Mən razı. Amma bu cəmiyyət yalnız kasıb təbəqədən ibarət deyil. Yəqin ki, 9 milyonun 20 faizinin həftədə və yaxud ayda 10 manat xərcləyib kinoya və yaxud teatra getmək imkanı var. Necə olur ki, Rihannanın, Şakiranın, Cenifer Lopezin konsertinə 25 min azərbaycanlı 250-1000 manat civarında pul tapıb gedə bilir, ayda 10 manat öz filmlərimizə xərcləmək istəmir. Kinoya, teatra baxmaq üçün pulu olanlar kifayət qədərdir. Sadəcə, səbəb başqadır.
Tamaşacı problemini film çəkən və yaxud tamaşa qoyan rejissorda axtarmaqla yanaşı, özümüzdə də axtarmaq yerinə düşərdi. Bugünkü yazımda bu məqamlara toxunmaq istəyirəm.
Ona görə də rejissorları və kino sənayesini idarə edənləri tənqid etməzdən əvvəl tamaşaçıların problemlərinə diqqət yetirmək istəyirəm.
Tamaşaçı zövqü
Hollivudun göz qamaşdıran filmlərinə DVD-də və yaxud telekanallarda baxandan sonra heç kimə Azərbaycan filmlərini bəyəndirmək olmur. Əslində, bəlkə də bəyənərlər, sadəcə, baxan yoxdur deyə ilk reaksiya "əəə, bizimkilər nə çəkəcək ki, gedib baxaq" olur. Filmin məğzini, məzmununu bilmədən, baxmadan bizdə yaranan ilk reaksiya əslində, rejissorlarımızın peşəkarlığı ilə bağlı deyil. Hoollivudun zövqümüzə sirayət etdiyi miraj qığılcımlarıdır. Ki, gözümüzü açıb özümüzünküləri görməkdə çətinlik çəkirik.
Bu barədə yazı hazırlayarkən iş yoldaşlarımla bir balaca müzakirə apardım. (Kənardakıların fikrini öyrənməklə insan danışacağı sahənin problemlərini müəyyən etmək, dolğun nəticəyə gəlmək şansı qazanır. Bu isə olaya obyektiv qiymət verməyə kömək edir.) İş yoldaşlarıma "biz öz filmlərimizə, tamaşalarımıza niyə baxmırıq" sualını verdim.
Onlar da cəmiyyətin tutuquşu kimi əzbərlədiyi cavabı "yaxşı çəkmirlər ona görə baxmırıq" fikrini səsləndirdilər.
Soruşdum ki, axrıncı dəfə kinoteatrda yeni çəkilən hansı Azərbaycan filminə və yaxud hansı tamaşaya baxmısınız. Aralarından yalnız biri dilləndi ki, kinoya yox, tamaşaya 3 il bundan əvvəl baxmışam. Təbii ki, məndə sual yarandı ki, bəs onda niyə fikirləşirsiniz ki, bizim filmlər və yaxud tamaşalar səviyyəsizdir. Şəxsən mən keçən ay "Azərbaycanfilmin" istehsalı olan istedadlı rejissor Elxan Cəfərlinin çəkdiyi "Dolu" filminə, bir həftə bundan əvvəl isə Mehriban Ələkbərzadənin "Azdrama"da quruluş verdiyi "Qatil" tamaşasına baxmışam. Və hər ikisini çox bəyənmişəm. Əgər kimsə adını çəkdiyim filmə və yaxud tamaşaya səviyyəsiz gözü ilə baxırsa, onda mənim həmin şəxsin özünün səviyyəsinə çox böyük şübhəm yaranar. Mövcud vəziyyətdə və maddi durumda "Azərbaycanfilm"in çəkə biləcəyi ən yaxşı filmi elə "Dolu" filmidir. Və yaxud Mehriban Ələkbərzadə öz intellekti və imkanlarının 100-də 50-ni ifadə etmək üçün yaradılan şəraitə uyğun tamaşa təqdim edə bilib. Ola bilsin ki, vaxt gələcək daha yaxşı şərait Mehriban Ələkbərzadə yaradıcılığını 100 faiz göstərə bilsin. O cümlədən "Azərbaycanfilm"in rəhbərliyi həyata keçirmək istədiyi islahatların yüz faiz öhdəsindən gələ bilsə, onda səviyyə dartışmasını biz də yüz faiz edə biləcəyik. Hazırda isə Mədəniyyət Nazirliyinin kino üçün ayırdığı dar büdcə çərçivəsində ortaya "Dolu" kimi film çıxara biliblərsə, buna mız qoymaq əvəzinə gedib baxmaq lazımdır. Ki, bizim də qatqımız olsun. Amma biz əksini edirik. Mətbuat qarışıq özünü azərbaycanlı ziyalısı sayan xeyli insan var ki, nəinki həftədə, hətta ildə bir dəfə belə nə kinoya baxır, nə tamaşaya gedir. Hətta inandırım sizi ildə bir dəfə kitab belə oxumur. Amma ağzını açanda deyir ki, Qan Turalı dünənki uşaqdır onun yazdığı "Mustafa" romanı nə olacaq ki?
Taa demir ki, gedib gənc yazarın "Mustafa" romanına 5-10 manat verib alım ki, yazıçı da əldə etdiyi gəlirin hesabına daha yaxşı əsər yazsın. (Bu cür mənasız və qərəzli münasibət bildirən insanları vallahi də, billahi də anlaya bilmədim.)
Bir var əsəri oxuyub ona münasibət bildirəsən, tənqid edəsən. Bir də var əsəri oxumadan müəllifi yıxıb-sürüyəsən ki, nə var, nə var o cavandır. Yəqin ki, Nostradamusluq qabiliyyəti heç birimizdə yoxdur. Və yazıçının gələcəyini söyləmək gücündə də kiminsə olacağını da düşünmürəm. Onda nədən indidən bu cür yazarlara, rejissorlara mənfi qiymət veririk? Bəlkə Qan Turalı, Şərif Ağayar, Aqşin Yenisey və digər gənc yazarlar sabah Nobel mükafatına layiq bir yazıçı olacaqlar. Və yaxud Mehriban Ələkbərzadə , o cümlədən "Azərbaycanfilm"in hansısa rejissoru elə bir film çəkəcək ki, "Oskar"a layiq görüləcək. Niyə biz sonda verməli olduğumuz qiyməti əvvəldə veririk. Deməli, problemi özümüzdə də axtarmaq lazımdır.
İndi də kino sənayesini idarə edənlərin və rejissorların fəaliyyətinə qiymət verək.
Kino biznesi niyə yaranmır?
Əksər kinoşünaslar, o cümlədən mən də bir televiziya mütəxəssisi kimi əminəm ki, Azərbaycanda kinonun inkişafı prokat mexanizminin işə düşməsindən sonra baş verəcək. Azərbaycanda kinoya hələ ki, biznes kimi baxan, sahiblik edənlər yox dərəcəsindədir. Prodüsser insititutu yaranmayana kimi filimlərin sahibləri də olmayacaq. Peşəkar rejissorun peşəkar prodüsseri olmalıdır ki, film istehsal edib sata bilsin. Bunu yaratmaq üçün isə ilk addım dövlətdən gəlməlidir. "Azərbaycanfilm" kinostudiyasının yeni rəhbəri Müşfiq Hətəmov Azərbaycanda ilk prokatçılardan olub. Və kino istehsal edib satmağı bacarır. Onun bu təcrübəsi "Azərbaycanfilm"də işə yarayacaqmı, bunu zaman göstərəcək. Bildiyimə görə, hazırda "Azərbaycanfilm"də təmir işləri gedir, o cümlədən xaricdən müasir avadanlıqlar alınır. Bununla yanaşı, mütəxəssislərin yetişdirilməsi prosesi də həyata keçirilir. Qısası yeni rəhbərlik islahatlar həyata keçirməyə çalışır. Amma böyük islahatlar həyata keçirmək üçün böyük də pullar lazımdır. Pullar isə Mədəniyyət və Turizm Nazirliyindədir. Əgər bu nazirlik kinonu ciddiyə alıb bu sənayeni gəlir gətirən bir müəssisəyə çevirsə, onda Azərbaycanda da dünya səviyyəli filmlər çəkiləcək. Hələlik isə nazirliyin bu islahatlara yalnız anlayışlı baxdığı hiss olunur. Maliyyə ayrılması məsələsinə nədənsə xəsislik edirlər.
Digər tərəfdən, kino sənayesinin inkişafı üçün maraqlı və cəlbedici təkliflərə də diqqət yetirilməlidir. Mənim fikrimcə, Azərbaycanda fəaliyyət göstərən telekanallara serial çəkmək üçün ayrılan pulları kino sənayesinə yönəltsələr, daha effektli olar. Təcrübə göstərir ki, telekanallar serial çəkə bilmir və verilən pullar havayı yerə xərclənir. Həmin pullar prodakşın mərkəzlərinə verilməlidir. Bununla həm prodakşın mərkəzlərinin inkişafına nail olmaq olar, həm də keyfiyyətli məhsul əldə etmək mümkündür. Digər tərəfdən, büdcədən bədii filmlərin çəkilişinə də seriallar kimi pul ayrılmalıdır. Və "Azərbaycanfilm"in elan etdiyi tender çərçivəsində səviyyəli ssenarilər əsassinda gənc rejissorlara film çəkmək imkanı tanınmalıdır. Seriallara ayrılan qədər təqribən 4-5 milyon manata il ərzində ən azı 3-4 bədii film çəkmək mümkündür. Ki, bu filmlərin təbliği və reklamı düzgün qurulsa, kinoteatrlara gələn tamaşacının sayı da artar.
Beləliklə, həm "Azərbaycanfilm" çəkilən filmlərə dövlət nəzarətini əlində saxlaya bilər, həm də prodakşın mərkəzləri öz məhsullarını satıb pul qazanmaq xatirinə səviyyəli filmlər istehsal edə bilər.
Filmə baxmaq üçün...
...Kino sənayesini dirçəltmək lazımdır. Dövlət bu işi "Azərbaycanfilm"in timsalında ən azı 4-5 il güclü maliyyə ayırmaqla öz yoluna qoya bilər. Filmləri prokata çıxarmaqla biznesmenlərdə maraq oyatmaq mümkündür. Kino biznesinin formalaşması, güclü kompaniyaların yaranmasına səbəb olacaq. Nəticədə dövlət qoyduğu mayanı artıqlaması ilə çıxara bilər.
Bir də çəkilən filmlərin ciddi təbliğinə və reklamına ehtiyac var. Düzdür, bu da maliyyə tələb edən işdir. Amma nəticə verir. Filmlərin təbliği və reklamına ayrılan pulların əvəzini artıqlaması ilə çıxarmaq mümkündür. Dünya kinosunda bu işin bəhrəsini yəqin ki, görürsünüz. 10 miyonluq büdcəsi olan filmin reklamına əlavə milyonlarla pul xərcləyirlər ki, istehsal etdikləri məhsulu sata bilsinlər. Nəticədə 100 milyonlarla dollar gəlir əldə edilir. Məncə, Mədəniyyət və Turizm Nazirliyinin, o cümlədən "Azərbaycanfilm"in rəhbərliyi bu işə də ciddi diqqət yetirməlidir.
P.S. Sonda gənc rejissorlara imkanların tanınması ilə bağlı bir-iki kəlmə sözüm var. Bizim yaşlı və məşhur rejissorlara və ssenaristlərə böyük hörmətimiz və diqqətimiz var. Amma dünya kinosunun sürətli və templi inkişafına nəzər yetirəndə həmin şəxsiyyətlərin addımlarının ləng atıldığını görmək mümkün deyil. Bu lənglik gənclərin yolunun üstündə olanda isə ciddi problemlər yaranır. Cəncliyə yol vermək lazımdır ki, öz yeriş tempini əldə etsin. Ləngliyin arxasınca getdikcə sürünməyi öyrənir. Amma zəmanə nəinki yerimək, qaçmaq tələb edir.