Bütün xalqlar kimi, azərbaycanlıların da milli adət-ənənələrində özünəməxsus keyfiyyətlər var. Lakin bəzi adət-ənənələrimizin icrasında milli dəyərlərdən uzaqlaşma müşahidə olunmaqdadır. Tarixən Azərbaycanda yas mərasimləri zamanı dinimizdən irəli gələrək riayət edilən ümumi adət-ənənələr olub. Son illər isə yas mərasimlərinin təşkilində ifrat dərəcədə israfçılığa yol verilir. Bəlkə də dünyanın heç bir yerində yas mərasimlərinə bizdə olduğu qədər vəsait qoyulmur. Bunun müxtəlif səbəbləri var.
Ölü sahibləri üçün əlavə xərc
Şəriətə görə, keçirilməsi heç də məcburi buyurulmayan yas mərasimləri zamanı ölü sahiblərinin əlavə xərcə salınmasına yol verilməməlidir. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Salman Musayevin sözlərinə görə, əgər mərhumun yaxınları dünyadan köçənin ruhu şad olsun deyə ehsan vermək istəyirsə, onu daha çox ehtiyacı olanlara paylamalıdır. Ehsan isə yalnız çay və halvadan da ibarət ola bilər. Hacı Salman hesab edir ki, yas mərasimlərində müsəlmanların bərabərliyi prinsipinə riayət edilməlidir. Azərbaycanda isə hazırda buna əməl olunmur. İndi rəhmətə gedənin ruhu naminə təşkil olunana üç, yeddi, cümə axşamları, qırx, il mərasimlərində zəngin ehsan süfrələri açılır. Hacı Salman deyir ki, Qaqaz Müsəlmanları İdarəsi dəfələrlə əhaliyə yas məraimlərini təmtəraqla keçirməməyi tövsiyyə edib. Yeri gəlmişkən, ötən il Ucar rayonunda dindarların tövsiyyəsilə rəhmətə gedənlərin yaxınları əlavə əziyyətə düşməsin deyə, yeddi və cümə axşamı mərasimlərindən imtina olunub. QMİ bu qərarı müsbət qarşılayıb.
Yas mərasimlərinin təşkili zamanı digər narahatedici məqam onun keçirilmə məkanı ilə bağlıdır. Məsələn, Bakı kimi iri şəhərdə yas mərasimlərindən biznes maraqları naminə geniş istifadə olunur.
Kirayə çadır biznesi
Bakının çox yerində «Kirayə çadır, qab-qacaq verilir» yazılmış elanlara rast gəlmək olar. Bu, dəfn mərasimlərinin təşkili zamanı tələb olunan avadanlıqların təklifi xidmətidir. Həmin xidmətin qiyməti isə az qala gündən-günə bahalaşır. Paytaxtın əksər yerlərində məhəllədaxili «Xeyir-şər ev»ləri olmadığından, rəhmətə gedən mərhumun yaxınları kirayə çadır verənlərə müraciət etməyə mucburdur.
Araşdırmalar göstərir ki, hal-hazırda dəfn mərasimləri üçün çadır kirayə verənlər yüksək qazanc əldə edirlər. Qiymətlər çadırın ölçüsündün, quruluşundan, daxili tərtibatından asılı olaraq bir sutka üçün 200 manatdan 3000 min manatadək dəyişir, bəzən hətta bundan da yüksək olur. Kirayəyə verilən çadıra stol və stullar, süfrə, qab-qacaq, samovar, yerə döşəmək üçün xalça-palaz, işıqlandırma, qızdırıcı sistemi və başqa avanadlıqlar daxildir. Son vaxtlar kirayə məntəqələrində yeni lüks çadır-qurğular (səsgücləndirici və mikrofonu, molla üçün xüsusi taxtı olan, kondinsionerli, çilçıraqlı, sobalı) da təklif olunur. Bu işlə məşğul olan şəxslər çadır kirayəyə verməkdən əlavə həm də digər xidmətlər təklif edirlər. Bura çayçı-ofisiant, aşpaz və dəfn mərasimlərinin yola verilməsi üçün tələb olunan digər xidmətlər daxildir. Bu xidmətlərin də öz qiyməti var və heç də münasib deyil.
Uzun müddətdir dəfn mərasimləri üçün çadır kirayə verən Mirzə Salmanov deyir ki, müxtəlif təbəqədən olan vətəndaşlar üçün xidmət təşkil ediblər. Yəni yoxsul, orta və varlı təbəqədən olanlar üçün fərqli qiymətə çadır dəstləri var. Dövlət Statistika Komitəsinin əhaliyə göstərilən xidmətlərin qiymətlərilə bağlı məlumatında da dəfn mərasimi üçün çadır kirayəsi xidmətinin bahalaşdığı bildirilib. Komitənin məlumatına görə, 2006-cı illə müqayisədə 2007-ci ildə çadır kirayəsi 5,9 faiz, 2008-ci ildə 10 faiz, 2009-cu ildə 11 bahalaşıb. Əgər nəzərə alsaq ki, ölü sahibi çadır dəstini bir deyil, bir neçə dəfə-üç, yeddi, qırx, il mərasimlərinin təşkili zamanı kirayəyə götürür, onda onun xeyli xərcə düşdüyünü qeyd etmək olar.
«Xeyir-şər ev»ləri niyə sökülüb?
Yas mərasimlərinin keçirilməsi üçün məhələdaxili müvafiq yerlərin, o cümlədən «Xeyir-şər ev»lərinin tikilməsi əslində yerli özünüidarətemə orqanları olan bələdiyyələrin işidir. Bələdiyyələr isə bu problemin həllinə maraq göstərmir. Görünür bu qurumlar müasir tələblərə cavab verən çadırların bolluğu şəraitində hansısa daşınmaz əmlakın inşasına xeyli miqdarda vəsait yönəlməyi özləri üçün artıq xərc sayırlar.
Qafqaz Müsəlmanları İdarəsində isə hesab edirlər ki, hər bir məhəllədə «Xeyir-şər evi»nin tikintisi olduqca vacibdir və belə yerlərin inşası dəfn mərasimlərinin təşkili zamanı müxtəlif problemlərlə üzləşən ölü sahiblərinin çətinliklərini azalda bilər.
Bakı şəhəri Nərimanov rayon sakini Əli Rüstəmov deyir ki, yaşadığı ərazidə «Xeyir-şər evi»nin tikilməsi üçün məhəllə ağsaqqalları adından bir neçə dəfə bələdiyyəyə müraciət ediblər. Lakin maliyyə çatışmazlığını əsas gətirən yerli özünüidarəetmə orqanı müraciəti müsbət cavablandırmayıb. Araşdırmalar nəticəsində məlum olur ki, belə müraciətlər bələdiyyələrə tez-tez ünvanlanır. Həmin qurumlar isə çox nadir hallarda bu işə vəsait sərf etməyə razılaşır.
Qeyd edək ki, vaxtilə Bakıdakı bir çox məhəllələrdə məişət evləri (sonralar «Xeyir-şər ev»ləri adlandırılırdı) var idi. Həmin məkanlarda toylar keçirilməsə də, sünnət və yas mərasimləri təşkil olunurdu. Sözügedən binalar dövlət hesabına qaz, su və işıqla da təmin olunurdu. Lakin vaxtilə yerli sakinlərin və dövlətin vəsaiti hesabına inşa edilən həmin tikililəri Bakıda inşaat «bumu» başlayandan sonra kütləvi şəkildə sökməyə başladılar. İndi Bakıdakı «Xeyir-şər ev»lərinin sayı çox az qalıb, köhnələr sökülüb, yenilər isə tikilmir. Söküləndın sonra onlarln yerində çoxmərtəbəli yaşayış evləri, restoran, kafe, ticarət və digər kommersiya obyektləri ucaldılıb. Nəticədə dəfn mərasimləri üçün çadır kirayəsi biznesinə münbit şərait yaranıb. Adəm Qorxmaz