Modern.az

Aqil Abbas: “Mənə “Dövlətqaçqınkom”dan şikayət məktubu gəlmişdi ki...”

Aqil Abbas: “Mənə “Dövlətqaçqınkom”dan şikayət məktubu gəlmişdi ki...”

24 Oktyabr 2012, 15:08

Milli Məclisin plenar iclaslarında deputatlar dəfələrlə ayrı-ayrı dövlət qurumlarından gileylərini bildiriblər. Onlar bir sıra dövlət qurum rəhbərlərinin deputatların rəsmi sorğularına belə cavab vermədiklərini qeyd ediblər. Millət vəkilləri bildiriblər ki, seçicilərindən gələn şikayətə və ya hər hansı məsələyə aydınlıq gətirmək üçün müxtəlif dövlət qurumları ilə əlaqə saxlamalarına baxmayaraq heç bir nəticə əldə edə bilmirlər.

Bunu nəzərə alaraq Modern.az deputatlardan hansı dövlət qurumlarından onların sorğularına cavab vermədiklərini öyrənməyə çalışıb. Deputat Aqil Abbas bildirib ki, 7 illik fəaliyyəti dövründə belə bir halla rastlaşmayıb: “Köməkçimdə siyahı var ki, mənə nə qədər müraciət olunub, hansı qurumlara sorğu göndərilib və hansı cavablar alınıb. Bu günə qədər elə bir təşkilat, elə bir nazirlik, elə bir nazir yoxdur ki, bizim müraciətimizə cavab verməsin. Mən çox vaxt nazirin özünə yox, nazirin o işə baxan müavininə sorğu göndərirəm”.

A.Abbas qeyd edib ki, ordu və işə düzəlmə ilə bağlı müraciətləri həll etmək olmur.
“İşə düzəltmək indi mümkün deyil. Dövlət qulluğu testlədir, amma elə olur ki, hansısa şirkətə, təşkilata düzəltmək olur. Mən demirəm ki, bütün problemlər həll olunur, amma əksəriyyət həll olunur. Amma məktub gəlir evin uçması, işə qəbul və s. Amma hələ indiyə kimi görünməyib ki, hansısa dövlət orqanından mənə cavab verilməsin. Deputat sorğusu göndərirəm, 3 gün, 5 gün sonra cavab göndərirlər. Çox vaxt da hamısını nazirin öz imzası ilə göndərilir. Çox az hallar da isə o sahəyə baxan nazir müavinin adından”.

Millət vəkili 15 gün öncə ona göndərilən məktubdan danışdı:

“Mənə “Dövlətqaçqınkom”la bağlı məktub gəlmişdi. Məktubda bildirirdilər ki, təzə tikilən evlərdən mənzil almaq istəyiblər, növbədə problem yaranıb, çünki vaxtında müraciət etməyiblər. Komitə sədri Əli Həsənova məktub yazdım ki, bu adamların savadsızlığı ucbatından filan məsələlərdə səhv ediblər. Üstündən 3 gün keçməmiş həmin adam mənə dedi ki, “Dövlətqaçqınkom”dan məni çağırdılar, sənədlərimi aldılar və dekabr ayında binada ev verəcəklər”.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi