Müsavat Partiyası Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağının İsa Qəmbərin ermənilərdən maliyyə yardımı alması ilə bağlı bəyanatına sərt cavab verib. Partiyanın başqan müavini Gülağa Aslanlı Modern.az- a açıqlamasında Akif Nağını qeyri-ciddi olduğunu deyərək onun “çörək”iyinin söyüşdən çıxdığını bildirib
“Qarabağ Azadlıq Təşkilatının bu bəyanatı onların qeyri-ciddi olduğunu təsdiqləyən bir faktdır. Akif Nağı çox gözəl bilir ki, Müsavat Partiyası heç bir təşkilatdan maliyyə yardımı almır. Akif Nağı hədəfi səhv salmasın. O, Dağlıq Qarabağın azad edilməməsində hakimiyyəti tənqid eləmək əvəzinə müxalifəti tənqid etməklə çörək qazanmaq istəyir. Akif Nağı öz hədəfini seçməlidir, Müsavat Partiyası adına yalan söyləməklə məşğul olmasın. Hesab edirəm ki, o, hansısa dairələrdənsə tapşırıq alıb bu addımı atır. Sanki belə bir metod işə düşüb, kim müxalifəti daha çox söysə hakimiyyətdən də o qədər çox maliyyə dəstəyi alacaq. Vaxtılə İsa Qəmbər belə fikir söyləmişdi ki, çörəyi bizi söyməkdən çıxan insanlarla bizim işimiz yoxdur. Söysünlər ailələrinə çörək aparsınlar”, - deyə partiya rəsmisi bildirib.
Qeyd edək ki, QAT sədri Akif Nağı Müsavat başqanını ermənilərlə işbirliyində günahlandıraraq İsa Qəmbərin ermənilərdən maliyyə yardımı aldığını iddia edib.
Anar RÜSTƏMOV