Müsavat başqanı İsa Qəmbər Gürcüstana səfəri zamanı partiyanın qurultay məsələsi ilə bağlı müttəfiqi David Usupaşvili ilə müzakirə edəcək. Bu barədə Modern.az saytına Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib. G.Aslanlının sözlərinə görə, İsa Qəmbər tədbir çərçivəsində partiyanın həll olunmayan qurultay məsələsini də qaldıracaq.
“Tədbir çərçivəsində İsa Qəmbər yəqin ki Respublikaçılar Partiyasının nümayəndələri ilə görüşüb qurultayın keçirilmə məsələsi ətrafında danışıqlar aparacaq”.
Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər oktyabrın 29-30-da Gürcüstanın paytaxtı Tiflisdə Ermənistan və Gürcüstanın liberal siyasi partiya rəhbərləri ilə görüşəcək. Görüşdə Azərbaycanı Müsavat başqanı İsa Qəmbər, Ermənistanı Erməni Ümumilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan və Gürcüstanın “Respublikaçılar” Partiyasının rəhbəri, parlamentin yeni sədri David Usupaşvili təmsil edəcək.
Həmçinin görüş çərçivəsində Cənubi Qafqazdakı siyasi vəziyyət və ondan çıxış yollarının müzakirə olunacağı gözlənilir. Görüşün sonunda birgə bəyanat imzalanacaq.
Anar RÜSTƏMOV