İtaliyanın Siciliya adasında meşə yanğını törətməkdə şübhəli bilinən iki çoban saxlanılıb.
Modern.az xəbər verir ki, çobanlar quru otlaq ərazini yandırarkən ələ keçiblər. Onların bölgədə davam edən meşə yanğınlarına səbəb olduqları iddia edilir.
Polisin yaydığı məlumata görə,çobanlar öz heyvanları üçün quru otlaq ərazini yandırıblar. Onlar iyul ayından etibarən bölgədə baş verən ardıcıl meşə yanğınlarında şübhəli bilinirlər.
Prokurorluğun açıqlamasında çobanların məqsədinin yemə qənaət etmək üçün heyvanların otlaq sahəsini artırmaq olduğu bildirilib.
Xatırladaq ki, İtaliyanın Siciliya və Kalabriya bölgəsində yanğınsöndürənlər son günlərdə 500-dən çox böyük və kiçik yanğına müdaxilə ediblər. İyul ayında Sardiniya adasında baş verən meşə yanğınları nəticəsində yüzlərlə hektar yaşıllıq məhv olub.
İtaliyada meşə yanğınlarının 70 faizinə insanlar bilərəkdən və ya bilməyərəkdən səbəb olublar.