Deyirlər həyatda hər kəsin bir və ya neçə oxşarı var. Bu ifadəni ən çox qarşımıza xarici görünüşcə bir-birinə bənzər iki insan çıxarkən yada salırıq. Həmin vaxt anlayırıq ki, həqiqətən yaranışdan hər kəsin öz əkiz tayı var. Bəzən bir-birindən xəbərsiz yaşayan iki insan xarici görkəmlərinə görə o qədər oxşar olurlar ki, həqiqətən də onları fərqləndirmək çətinlik yaradır. Bəzən oxşarlar elə bir ölkə daxilində yaşayırlar. Hətta onlar arasında elələri var ki, hər ikisi tanınmış simalar olur.
Azərbaycanda da oxşarlar çoxdur. Onlar arasında tanınmışlar da var, adi vətəndaşlar da. İctimai-siyasi, mədəniyyət sahəsində, mediada tez-tez görüb, danışığını eşitdiyimiz şəxslər arasında da oxşarlar az deyil.
Modern.az saytı Azərbaycandakı oxşarlarla bağlı silsilə təqdimatlara start verir. "Oxşarlar" layihəsinə əvvəlcə ikisi də tanınmış simalar olan oxşarlardan başlayaq.
Milli Məclisin Quba rayonundan seçilmiş deputatı, yəhudi əsilli Yevda Abramovu çoxları tanıyır. Bəs onun oxşarını necə?
Yevda müəllimin oxşarı da elə onun qədər tanınmış simadır – Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov.
Onlar bir-birlərinə o qədər bənzəyirlər ki, hətta bir dəfə jurnalistlər də bu iki şəxsi ayırmaqda çaş-baş qalıblar və maraqlı bir hadisə baş verib:
Deməli, bir dəfə Milli Məclisdə Nazirlər Kabinetinin hesabatı dinlənilirmiş, bütün deputatlarla yanaşı, nazirlər, komitə sədrləri də iclasda iştirak edirmiş. Günorta saatlarında fasilə yarananda foyedə gözləyən jurnalistlər görürlər ki, Yevda Abramov iclas zalından çıxır. Hamı onu Qərib Məmmədov hesab edərək üstünə yüyürür və deputatı dövrəyə alıb başlayırlar suallar verməyə:
“Qərib müəllim, sərhədlərin delimitasiyası ilə bağlı məsələ nə yerdə qaldı? Bələdiyyələrin ərazilərinin sərhədləri nə zaman dəqiqləşəcək? və s.”
Yevda Abramov əvvəlcə karıxıb qalır, amma məsələnin nə yerdə olduğunu anlayıb, başlayır Qərib Məmmədovun əvəzinə sualları qısaca cavablandırmağa. Məqsədi də o olur ki, jurnalistlər məsələni anlamadan aradan çıxsın.
Təsadüfən bu məqamda iclas zalından Qərib Məmmədov da çıxır və foyedən keçəndə görür ki, Yevda Abramov torpaq və xəritəçəkmə məsələlərilə bağlı sualları cavablandırır. Bu zaman Qərib müəllimi görən jurnalistlər çaş-baş qalırlar, bilmirlər ki, bunlardan hansı komitə sədri, hansı deputatdır.
Məsələnin nə yerdə olduğunu başa düşən Qərib Məmmədov gülə-gülə Yevda Abramova işarə edir ki, o uzaqlaşana kimi jurnalistlərin başını qatsın. Hətta qapıdan çıxanda üzünü deputata tutaraq zarafatından da qalmır: “Yevda mən ölüm, quş buraxmadın ki..?”. Jurnalistlər yalnız o anda deputatla komitə sədrini qarışıq saldıqlarını anlayırlar...
Sən demə Yevda Abramovla Qərib Məmmədovun da bir-birlərilə zarafatı varmış...
Aşağıdakı şəkillərə diqqətlə baxın, yəqin onlar sizi də çaşdıra bilərlər...
Deputat Yevda Abramov və Komitə sədri Qərib Məmmədov
Ardı olacaq...
(Əziz oxucular, Siz də tanıdığınız azərbaycanlı oxşarlar barədə redaksiyamızı məlumatlandıra bilərsiniz)
A.Qorxmaz