«Milli hökumət dilərik sadəcə, istəməriz təntənəli təxtü tac»
20-ci əsr mütəfəkkirlərimizdən şair, yazıçı, publisist və din tarixçisi Əlabbas Müznibin (1883-1938) dünyagörüşündə Azərbaycan türkçülüyü, milli istiqlalçılıq və din təəssüblüyü, yəni islama münasibət xüsusi yer tutmuşdur.
Ə.Müznib yazırdı ki, 1900-1910-cu illərdə Azərbaycan-türk mütəfəkkirlərindən Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və başqaları Qafqazdakı türk və islam balalarına türklüyünü, islamlığını bildirmiş, «həsbi-nəsəbini öyrəmiş», «abavü əcdadını» tanıtmışdı: «Lakin onların getməsi Qafqaz əhalisini başsız, böyüksüz buraxmış kimidir. Çünki o cənablar dilsizlərin dili, karların qulağı, korların gözü idilər. Müxtəsər, bir bölük maarif yetimi olan Qafqaz müsəlmanlarının ataları idi». Ancaq Ə.Hüseynzadə, Ə.Ağaoğlunun Azərbaycanda olmadığı bir dövrdə onların yolunu davam etdirən M.Ə.Rəsulzadə, Ü.Hacıbəyli, N.Yusifbəyli, Ə.M.Topçubaşov, Ə.Müznib və başqaları var idi.
Ə.Müznib də islamçılıq və türkçülük yolunu tutan silahdaşları kimi hesab edirdi ki, bir millətin varlığı milli dilinin və milli adətlərinin qorunub saxlanılmasından, ilkin islama sahib çıxmasından asılıdır. Bu səbədəndir ki, «Hürriyyəti-bəşəriyyə» adlı ilk şeirlər kitabında Ə.Müznib bəşər cəmiyyətinin, xüsusilə təmsil olunduğu millətin azadlığından bəhs edir, bu yolda islam mədəniyyətinin əhəmiyyətindən də söz açırdı. Onun fikrincə, artıq müsəlman-türk millətlərinin köləlikdən azad olmalarının vaxtıdır:
Necə ucalmasın atəşi-ahımız,
Olub bəsteyi-zülm şəhr əhlimiz.
Necə çıxmasın naləmiz göylərə,
Müsibət yağar dəmadəm yerlərə.
Milli-dini dünyagörüşündə Azərbaycan türklərinin istiqlal ideyası hər şeydən öncə gələn Ə.Müznib, vətənin əsarəti altında qalması ilə heç cür barışmaq istəmirdi. Vətən əsarət altında olduğu bir zamanda rahat yeyib-yatmağı, arsız millət kimi torpağı ədaya satmağı doğru saymırdı. O yazır:
Ey dəli könlüm, Vətənə ver rəvac,
Heç rəvadırmı verək qeyrə bac.
Milli hökumət dilərik sadəcə,
İstəməriz təntənəli təxtü tac.
Millətini «Leyla» adlandırıb, onu «Məcnun» gözündə görən şairin fikrincə, millətin azadlığı uğrunda vətəndən sürgün edilib və hər nə qədər miskin qalıb, qəmküsar olsa da, yenə də sevdiyi bir ad var - «millət». O yazır:
Millətimdən çəkmərəm əl, xarü zar olsam da mən,
Dönmərəm əzmimdən hərgiz tarimar olsam da mən.
Bizə elə gəlir ki, bir çox mütəfəkkirlərimiz kimi islamlığı və türklüyü vəhdətdə götürən, bir çox hallarda Azərbaycan-türk millətini «islam milləti» adlandıran Ə.Müznibin «Dirilik» (1914-1916) adlı jurnalı nəşr etməkdə də başlıca məqsədi azərbaycanlılara türklüklərini və islamlıqlarını elmi-fəlsəfi şəkildə aşılamaq istəyi olmuşdur. O, həmin jurnalın ilk sayında çıxan məqalələrində də bildirir ki, islamılılıq və türklük bir-birlərini tamamlasalar da, dini mənsubiyyətlə etnik mənsubiyyət eyni anlamı daşımır. Onun fikrincə, bu mənada yalnız türklərin özlərini «islam milləti» adlandırılması doğru deyildir. Çünki islam dininə tapınan ərəb, fars, türk və başqa millətlər var. Bu baxımdan milləti din adı ilə adlandırmağı böyük xəta, nöqsan hesab edən Müznib yazırdı ki, dini və milləti bir-birindən fərqləndirmək məqsədilə «Türk tarixi» kitabını qələmə almışdır.
Müznibə görə, qədim bir qitə olan Qafqaz çox müxtəlif etnoslardan ibarətdir ki, buna əsas səbəb də tarixən Asiyadan Avropaya köç edən tayfaların bir hissəsinin burada məskunlaşmasıdır: «Bu cürə zənniyyatdan sərf-nəzər etdikdə bu gün Qafqasiyanın əhalisi üç qismə bölünür: 1) Əsil Qafqaz əhli; 2) Turanlılardan olan türk, tatar və monqollar; 3) «Ariya» qövmlərindən olan ruslar ilə ermənilər və iranlılar və sairə…». Onun fikrincə, Azərbaycan türklərinin bir millət kimi formalaşmasında Türkiyədən olan türk və tatarlarla yanaşı, türkləşmiş monqollar da iştirak etmişlər.
Fikrimizcə, Ə.Müznibin Azərbaycan-türk milləti üçün önəmli xidmətlərindən biri də ayrı-ayrılıqda islamlığa, onun peyğəmbərinə dair əsərlər yazmasıdır O, Məhəmməd peyğəmbərin (s.) tərcmüeyi-halına, mövlud gününə aid məqalələr yazmış, hətta peyğəmbərin həyatından bəhs edən «Muxtarnamə» romanını belə tərcümə etmişdir. Şübhəsiz, onun islam dini ilə bağlı ən dəyərli kitabı isə, islamın tarixi ilə bağlı yazdığı «Müxtəsər ənbiya və İslam tarixi» əsəridir.
Müznib peyğəmbərə həsr etdiyi «Mövlud» şeirində yazırdı ki, onun dünyaya gəlməsi ilə bütün cahan nurlanmışdır. Çünki Müznibin fikrinə görə, peyğəmbərin mövludu cəhalət və nadanlıq içində boğulan insanlar üçün nicat yolu olmuşdur. Bu baxımdan Müznib peyğəmbərə həsr etdiyi «İqrari-iman» adlı başqa şeirində yazır:
Açıldı mehrin ilə çeşmi-iman, ya Rəsulullah,
Silindi nurun ilə qəlbi-əzan, ya Rəsulullah.
Bəşərsən, zahirən, lakin məqami-həqq məkanındır,
Lisani-xaliq aləmi həqiqətdə lisanındır.
Sən əvvəli-zati-məailsən ki, Quran mədhi-xanındır,
Bunu təsdiq edər Quranü Fürqan, ya Rəsulullah.
Müznib hesab edir ki, peyğəmbərin islamı təbliğ etməsi ilə insanlar arasında bərəbarlik, ədalət və azadlıq ideyaları yayılmış, bununla da Rəsulullahın dövründə artıq cəhalət, xurafat və nadanlıqdan əsər-əlamət qalmamışdı. Çünki peyğəmbər irqindən, cinsindən və s. asılı olmayaraq bütün insanların bərabər olması ideyasını irəli sürmüşdü. Ə.Müznibin fikrincə, o vaxta qədər ki, müsəlmanlar peyğəmbərin qoyduğu yol ilə getdilər, onda bütün dünyada cahangir və məşhur oldular. Ancaq bu yoldan kənara çıxdıqlan sonra isə, islam dünyasında vəziyət tamamilə dəyişdi:
Nədən kim, hökümunə baxdıq, cahangiri zaman olduq,
Ədalət kani olduq, həm də məşhuri-cahan olduq.
O gün ki, inhiraf etdik, zəlili-insü can olduq,
Əsir etdi bizi hər yerdə üdvan, ya Rəsulullah
Oturdu məsnədində alim adlı bir para nadan,
Şəriət söndü, din getdi, məmalik olan həm viran,
O şövkət, ol səlabətdən qalıb bircə quru əfğan,
Fənaya uğramış iqrari-iman, ya Rəsulullah.
Onun fikrincə, hazırda cəhalət və nadanlığın hökm sürdüyü islam məmləkətlərinin çıxış yolu, yenidən ilkin islama qayıtması və peyğəmbərin qoyduğu qanun-qaydalara əməl etməsidir. Çünki yalnız islamın ərşə ucalmış minarələri Yer ilə Günəş arasında əmini-sadiqdir. Müznib yazır:
Səni sevən kişidə olsa qüvvəyi-iman,
Şəhidi-tiğ olub əduyə eyləməz təslim.
Səni sevən kişi gər olsa sahibi-Quran,
Əlini qoymaz uzatsın turfana əhli cəhim.
Ə.Müznib «Üləma və ruhanilərimiz» məqaləsində də islamın adından çıxış edən, ancaq şəriətin qanunlarına əməl etməyən din alimlərini və ruhaniləri tənqid etmişdir. Onun fikrincə, islam dünyası cəhalət və nadanlıq içində itib batdığı, min bir müşkulat və əzaba düçar olduğu birinci Dünya müharibəsi dövründə üləmaların və ruhanilərin bütün bunlara reaksiya verməməsi doğru deyildir: «Sanki yanan evlər, dağılan xanimanlar islamın, heyvancasına kəsilən başlar, boğazlanan qocalar, namusları çirkin ayaqlar altında əzilib çeynənən xanım qızlar islam deyilmişlər. Halbuki bu ölüm, faciə dünyada ağlatmamış bir bəşər buraxmamış, hətta daş ürəkli qatillərin dəxi kəsdiklərinin tamaşasına riqqətlənib ağladığı da rəvayət olunur. Buna binaən qatilin riqqətinə, üləmamızın rahat yaşamağına baxdıqda demək olar ki, o müslüm və müslümlərin, yəni məzlum və məzlumələrin halına bütün qeyri-müslümlər ağladığı halda, üləma və ruhanimiz qəhqəhəylə gülüb şad olmuşlardır». Müznib buna nümunə kimi, xristian keşişlərinin və dindarlarının darda, çətin vəziyyətdə qalmış dindaşlarına, soydaşlarına hər cür yardımda bulunduqları halda, müsəlman alimlərinin və ruhanilərinin yalnız özlərini fikirləşmələrini böyük faciə adlandırırdı.
Deməli, Ə.Müznib bir tərəfdən ikiüzlü dindarları, ruhaniləri və onların əməllərinin nəticəsi olan dini xurafat və dini fanatizmi pisləmiş, digər tərəfdən isə islam mədəniyyətini, islamın müqəddəs qanunlarını təbliğ etmişdir. Çünki Müznibin fikrincə, islam heç vaxt azadlığa, hürriyyətə, ədalətə və s. qarşı olmamış, bütün bunları müsəlman millətlərinin əlindən alanlar despotik hökmdarlar və ikiüzlü ruhanilər olmuşdur.
Bu baxımdan Müznib hesab edirdi ki, din alimlərinin idarə tərzi, həyata baxışı qəti surətdə islah olunmayınca islam məmləktlərində vəziyyət də dəyişməyəcək. O təklif edirdi ki, məscidin adına toplanan pulların ruhanilər tərəfindən mənisənilməməsi və yoxsullara, aclara ayrılması üçün, ilk növbədə mollalara və başqa din xadimlərinə məvacib kəsilməlidir. Şübhəsiz, Müznbin o vaxt irəli sürdüyü bu fikirlər bu günümüz üçün də son dərəcə aktualdır.