Musa Qasımlı kimdir?

Musa Qasımlı kimdir?

Aktual

27 Oktyabr 2012, 17:20

Professor Musa Qasımlının 55 yaşına düşüncələr.. 

Adlar təkcə dünyaya gəlmiş uşağın doğulduğu şadyanalıq ovqatında ağıla gələn ilk tanıtım nişangahı, nəslin yaddaşına üz tutub rəhmətliklərdən kimisə yaşatmaq jesti deyil. Kasandra qanununa rəğmən taleh mələklərinin soyuq təbii diktəsidi bəlkə də. Musa müəllim də adının tarixi xronologiya yükünün ağırlığını qorumaq, şərəfini uca tutmaq missiyasının öhdəsindən uğurla gəldi.

Yardımlı rayonların ən ucqarıdır. Zamanında gənc, üsyankar şair Sabir Rüstəmxanlı “Sənə ucqar söylədilər” tənəsi ilə yurdunu gözdən-könüldən iraq sayanlara etiraz bildirirdi. Amma elə Sabir Rüstəmxanlının özü başda olmaqla rayondan respublika miqyasına çıxan ziyalıların sayəsində ucqarlıq epitetin yalnız fiziki coğrafiya terminalogiyasında hakim kəsilib. Vəli Məmmədov, Sabir Rüstəmxanlı, Nərçə Ağayev, Mirmahmud Mirəlioğlu, Musa Qasımlı, Fəzail İbrahimli, Mirşahin Ağayev, Telman Vəlixanlı... kimi ünlü şəxsiyyətlər məhəlli miqyasdan çıxdılar, ümumrespublika müstəvisində, hətta bütöv türk-müsəlman xəritəsində qərar tuturlar.

Operator dostum Sərvər Quluyev Yardımlıya ilk səfərində: “burada nəsə qeyri-adi sehr, kosmoqonik aura var”- demişdi. Havası saf, suyu duru və diri, ormanları dalğalı, qayaları əzəmətli, bağları bəhrəli, adamları yük qaldırmağa, haraya çatmağa hazırdır. Yardımlının kəkliotusu da alayıdı, itburnusunun(gillik), yarpızının, qaragiləsinin, sirgiləsinin də ətri özgə, dadı-tamı başqa zonalarındakından fərqlidir. Və bu saf havanı ciyərlərinə çəkən, duru suyu ovuclayıb içən əlaçı uşaqlar pionerə, komsomola yazılıblar, olimpiyadalarda, inşa müsabiqələrində, “Üfüqdə parıltı” hərbi idman oyunlarında iştirak ediblər, mayın 1-də “qəstin”in qabağından sıra ilə keçib “urra, urra” qışqırıblar, paraddan sonra konservadan, limonaddan götürüblər, imkan daxilində bir çəpiş də alıb bulaq başına gediblər. “Kələkbaşı”nda durub Bakiya yollanan köhnə “alabaş” avtobusların dalınca baxıblar... və günlərin bir günü özləri də o avtobusa əyləşib yola çıxıblar, fəqət zəhmət, intellekt hesabına genişlənən yolda onları kimsəyə həyan olmaq, milli miqyasda düşünmək qabiliyyəti müşayiət edib.

1974-cü ildə Hamarkənd orta məktəbini tərifnamə ilə bitirən Musa Cəfər oğlu Qasımlı da elə həmin il Bakı Dövlət Universitetinin tarix fakultəsinə daxil olmaqla, böyük, çətin, üzüntülü, fəqət şərəfli elm yoluna çıxdı. Və bu yolda Yardımlı duruluğu simsarı oldu. Bu gün 55 yaşını qeyd edən Musa müəllimdə məndən ötrü yaş anlamı yoxdu. Musa Qasımlı elə əzəldən ahıl adamdı- bunu alimlik, müdriklik, ağsaqqallıq, qayğıkeşlik anlamında qəbul edin. Professor çox gəncdir- bu da tükənməz enerji və ürəyinin təpəri dolayısındandır.

Musa Qasımlı ilə ilk şəxsi tanışlığımız “Lider” televiziyasında başlayıb. “Azərbaycan” redaksiyasının baş redaktoru kimi iş qrafikim gərgin idi. Mühafizə xidmətindən dedilər professor Musa Qasımlı gəlib. Unikal bir ideya açıqladı. “Azərbaycan nefti beynalxalq münasibətlərdə” mövzusunun video versiyasını təklif edirdi. Mövzunun aktuallığını, siyasi əhəmiyyətini nəzərə alıb baş direktorla məsləhətləşmədən birbaşa razılıq verdim. Sujet xəttini, müsahibələri müəyyənləşdirdik. Elə o məqamda Musa Qasımlının obyektivliyinin, elmə, fakta münasibətdə vicdanlı yanaşmasının şahidi oldum. Söhbətləri və məsləhətləri filmin ana xəttini tarixi gercəkliyin, elmi faktalogiyanın, siyasi analizin üzərində qurmağa əsas verirdi. Qəfil Yardımlı ləhcəsi ilə danışdı. Təəccüblə üzümə baxdı və dövlətçilik, Azərbaycanlılıq naminə mühüm layihələri gerçəkləşdirən bir redaksiyanın rəhbərliyində eloğlusunu görməkdən qürur duyduğunu dilə gətirdi. İnsafən, baş direktor da proyekti dəstklədi. Yubanmadan işə başladıq. Film sentyabrın 20-də “Əsrin müqaviləsi”nin ildönümündə efirə getməliydi. Maraqlı komanda yığılmışdı. Eloğlumuz, istedadlı rejissor Mirsadıq Ağazadə, təşkilatçılıq qabiliyyətinə görə əvəzolunmaz prodüser Elman Dadaşoğlu və mən Musa müəlimlə işləməkdən fərəh duyurduq. O dar macalda professor çəkilişlə, arxiv materialları ilə maraqlanır, özü respondentlərə zəng vurur, mövzü üzrə istiqamət verir, filmin siyasi, elmi-nəzəri yönünün qayğısına qalırdı. Adətən gecələr montaj stoluna otururduq. Montaj arası qısa istirahətlərdən, maraqlı, şən söhbətləri, ən çətin məqamda belə optimizmi bizə Musa Qasımlının sadəliyini, zərif yumor hissini, insanpərvəliyini dərindən tanıtdı. Film istədiyimizdən də uğurlu alındı. Və bu uğurda daha çox Musa Qasımlının payı vardı. Azərbaycanın Neft tarixi, siyasi-ictimai geopolitik, geocoğrafi, diplomatik, iqtisadi, milli mücadilənin qazanılması və onun qorunması prizmasından analitik təhlillə çəkilmişdi. Bu isə, heç şübhəsiz professorun bilgiləri sayəsindəydi.

Musa Qasımlı 35 yaşında doktorluq dissertasiyasını müdafiə etməklə tarix üzrə ən gənc elmlər doktoru ilkinliyini qazanıb. Beynəlxalq münasibətlər üzrə yüksək ixtisaslı tarixçi kimi formalaşan Musa Qasımlı uzun müddətdir ki Bakı Dövlət Universitetinin Avropa və Amerika  ölkələrinin yeni müasir tarixi kafedrasında müəllim, baş müəllim, dossent, tarix fakultəsində dekan müavini kimi çalışır. Azərbaycan Respublkasının Milli Məclisinin deputatıdır. Üzvü olduğu qurumların və xarici ölkələrdə çap olunmuş əsərlərinin adı bir yazıya sığmasa da, bəzi faktlrı sadalamamaq qeyri-mümkündür. Bircə onu demək kifayətdir ki, Azərbaycan tarixinin öyrənilməsində bir çox sahələrinin ətraflı tədqiqi məhz Musa müəllimin adı ilə bağlıdır.

1.     Birinci dünya müharibəsi illərində(1914-1918) böyük dövlətlərin Azərbaycan siyasəti.

2.     1920-1945-ci illərdə Azərbaycan istiqlal mübarizəsi və xarici dövlətlər.

3.     1920-1922-ci illərdə Azərbaycanın xarici dövlətlərlə diplomatik-siyasi münasibətləri.

4.     1920-1924, 1960-1991-ci illərdə Sovet-Türkiyə diplomatik-sayasi münasibətləri.

5.     1946-1991-ci illərdə Azərbaycanın beynəlxalq mədəni əlaqələri.

Ali məktəblərin tədris vəsaitində önəmli yer tutan “Beynalxalq münasibətlər tarixi”, 2 hissəli “Avropa və Amerika ölkələrinin müasir tarixi”, “Siyasi tarix”, “Avropa və Amerika ölkələrinin müasir tarixi”, “Müəllim hazırlığının və orta təhsilinin prespektivləri, “Yeni tarix”, “Amerika Birləşmiş Ştatlarının xarici siyasəti(1945-2008) “SSRİ-Türkiyə münasibətlərində ABŞ alimi” və digər dərslikləri, fənn proqramları da eloğlumuzun gərgin axtarışlarının səəmərəli nəticəsidir. Qeyd etdiyim kimi, Musa Qasımlının Azərbaycanda və xarici ölkələrdə işıq üzü görən kitablarını, jurnallardakı yazılarını sadalayıb qurtarmaq mümkün deyil. Bu kitablardan biri-“İstiqlal fədaisi”ndən söhbət açmaq istərdim.

Ümummilli lider Heydər Əliyev haqqında yetərli sayda kitablar, elmi əsərlər yazılıb, bədii və sənədli filmlər çəkilib. Fəqət, Heydər Əliyevin siyasi məktəbi, idarəçilik metodu, fəaliyyəti fəlsəfi kitablara, filmlərə sığmır. Hər zaman bu böyük şəxsiyyətin ömür yoluna yeni baxış bucağı gərəkir və Musa Qasımlının yanaşmasında yeni fikir, avanqard versiya hasil oldu. Onun əsəri- mən bunu sənədli siyasi roman da adlandırardım- patetikadan, ümumi tərif dolu cümlələrdən ibarət deyil. Səbr və təmkinlə ABŞ, Gürcüstan, Rusiya, Türkiyə arxivləri araşdırılıb, Sov.İKP gizlinləri, “Tam məxfi” qrifli müəmmaları nəzərdən keçirilib, görkəmli şəxsiyyətlərin Heydər Əliyevə verdiyi dəyər anlaşıqlı dildə oxucuya çatdırılıb. Müəllif heç nə demir, faktlar arxiv rəflərindən baş qaldırıb şəxsiyyət əfsanəsini söyləyir, Heydər Əliyev titanikliyini təsvir edir. Məhz bu araşdırmalar sayəsində Heydər Əliyevin Azərbaycan naminə, onun milli məfəkürəsinin təşəkkülünə, istiqlal strategiyasına hesablanmış, bu günümüzə yönəlik addımları, nəzəri konsentual fəaliyyət proqramı açıq aydın görünür.

Oktyabrın 28-də Musa Qaımlının 55 yaşı tamam olur. Yanaşı iki beş... Dəqiq bilmirəm, amma mənə elə glir ki, Musa müəllim orta məktəbdə də, universitetdə də həmişə “5” qiyməti alıb. İnşa yazılarda drobla iki qiymət verilir: biri məzmununa görə, digəri orfoqrafik düzgünlüyü sarıdan. Gərgin axtarışları, peşəkar araşdırmaları ilə milli istiqlalığımıza töhfə vermiş tarixçi alim, professor, millət vəkili, dünya çapında tanınan geopolitik Musa Qasımlının 55 illik mənalı ömrü sözügedən qiymət anlamında məzmununa və dürüstlüyünə görə 5/5 dəyəri ilə ölçülmək şərəfindədir.

Hafiz İmamnəzərli

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna Rusiya aerodromlarını vurdu