Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəməndəki Humanitar Koordinasiya Bürosu yazılı açıqlama yayıb.
Modern az-ın xəbərinə görə, məlumatda qeyd edilib ki, 2021 -ci ildə BMT Yəməndə 16 milyon insanı xilas etmək məqsədi ilə hazırlanan yardım planı üçün zərurət olan 3,8 milyard dolların 50%-ni belə toplaya bilməyib. Bu il Yəməndə 20 milyondan çox insanın humanitar yardıma möhtac olduğuna diqqət çəkilən açıqlamada, ölkədəki qarşıdurmalar və təbii fəlakətlər səbibilə humanitar yardım təşkilatlarının fəaliyyətlərinin ləngidiyi, bu səbəbdən də təxminən 5 milyon möhtac insanın siyahıya salına bilmədiyi vurğulanıb.
Qeyd edək ki, uzun müddətdir siyasi qeyri-sabitliyin hökm sürdüyü Yəməndə, İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabr ayından etibarən paytaxt Səna və bəzi bölgələri nəzarətdə saxlayırlar. Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri 2015 -ci ilin mart ayından bəri husilərə qarşı Yəmən hökumətini dəstəkləyir.
BMT-nin hesabatına əsasən, ən böyük humanitar böhranla sarsılan Yəməndə əhalinin 80 faizi humanitar yardıma möhtacdır.