Azərbaycan Dillər Universitetində (ADU) şair-tərcüməçi, ədəbiyyatşünas-alim Ənvər Rzanın “Kəlbəcərə gedən yollar” kitabının təqdimat mərasimi keçirilib. Modern.az xəbər verir ki, təqdimat mərasimində ADU-nun tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, ədəbiyyatşünas-alim Qəzənfər Paşayev, kitabın redaktoru Əlövsət Ağalarov, Aşıq Ədalət, Kəlbəcərdən olan ziyalılar və universitet tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan prorektor Ələddin Əliyev bildirib ki, görkəmli şair Ənvər Rzanın kitabını külliyyat adlandırıb. “Sağlığında nəşr edilməyən bütün şerləri, poemaları, bu kitabda toplanıb. Dünya ədəbiyyatının klassik və müasir məzmun və mahiyyətini kamil bilən şairin əsərləri əbədiyaşar bir irsdir”, – deyə natiq qeyd edib.
Daha sonra ADU-nun tərcümə fakültəsinin müəllimi Sevinc Kazımova şairin həyat və yaradıcılığından danışıb. Sonra şairin şerləri universitetin filologiya fakültəsinin tələbələrinin ifasında səsləndirildi.
Təqdimatda çıxış edən ədəbiyyatşünas-alim Qəzənfər Paşayev şair Ənvər Rza ilə 5 il bir yerdə təhsil aldığını deyib: “Biz universiteti bitirdikdən sonra müəllim seçilmişik. O vaxt universitetə ən çox 25 tələbə tərcümə fakültəsinə qəbul olunurdu. Ənvər Rza hər sahədə üstün idi. Yüz tələbədən ikisi şair çıxdı, onlardan biri də Ənvər Rza idi. Təəssüf ki, Ə. Rza çox az yaşadı”.
Daha sonra kitabın redaktoru Əlövsət Ağalarov Ə. Rzanı canlı xalq ədəbiyyatının içində böyüyən, dünya ədəbiyyatının klassik və müasir məzmun və mahiyyətini kamil bilən şair adlandırıb.
Şair Adil Cəmil isə bildirib ki, mənim aləmimdə Kəlbəcərin itkisi nə qədər ağırdırsa, Ənvər Rzanın itkisi də o qədər ağırdır. “Ənvər Rza Azərbaycan poeziyasının, dünya ədəbiyyatının əbədiyaşar ədəbi irsidir. Ə. Rza bu gün xoşbəxt bir adamdır. Ona görə ki, o öz doğma Kəlbəcərində dəfn olunub”.
Sonda öz sazı ilə tədbir iştirakçılarını feyziyab edən Aşıq Ədalət bildirib ki, bu gün biz müqəddəs bir insanın məclisinə toplaşmışıq.
|
|
|
|
|
|
|
|
|
|
|
|
Mail Ağaxanov