Bakı şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Məşvərət Məclisinin noyabrın 3-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab hazırlayır. Bu barədə Modern.az saytına mitinqin əsas iştirakçılarında olan Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan məlumat verib. Partiya sədrinin sözlərinə görə, Bakı Meriyası DQMM-nin müraciətinə hazırda baxıldığını, rəsmi cavabın sabah veriləcəyini bildiriblər.
“Biz günün ikinci yarısında Bakı şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirdilər ki, müraciətə hazırda baxılır. Ola bilsin ki, sabah rəsmi cavab veriləcək”, -deyə ALP sədri vurğulayıb.
Qeyd edək ki, 14 müxalif siyasi partiyanın daxil olduğu Demokratik Qüvvələrin Məşvərət Məclisi mitinq keçirməklə bağlı qərar verib. Artıq Bakının 6 mərkəzi meydanından birində mitinq keçirmək məqsədi ilə Bakı şəhəri İcra Hakimiyyəti başçısına müraciət edilib. Mitinqin noyabrın 3-dən saat 16-dan 18-ə qədər keçirilməsi nəzərdə tutulub. DQMM-də mitinqlə bağlı Təşkilat Komitəsi yaradılıb.
Anar RÜSTƏMOV