“Ötən bir il yarım müddətində Ermənistan əsgər çatışmazlığı səbəbi ilə iki hərbi hissəsini ləğv edib. Bu ilin 10 ayı ərzində 1178 dəfə atəşkəs pozulub. Atəşkəsin pozulması nəticəsində Azərbaycan tərəfi 12, erməni tərəfi isə 32 nəfər döyüş itkisi verib”.
Modern.az-ın məlumata görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Tərtərdə – cəbhə xəttində keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, atəşkəsin pozulması halları daha çox Füzuli, Xocəvənd, Tərtər, Ağdam ərazisində olub. O, bildirib ki, atışmalar iyun ayında daha intensiv hal alıb:
“Bu hamıya məlumdur ki, həmin ay ən kəskin toqquşmalar olub. Həm biz, həm də Ermənistan tərəfi itki verib. Son 10 ay ərzində ATƏT-in Minsk qrupunun cəbhə xəttində keçirdiyi 19 monitorinq insidentsiz başa çatıb".
E.Sabiroğlu deyib ki, bu gün Azərbaycan Ordusunun döyüş bölgəsində, təmas xəttində ən müasir silahlar yerləşdirilib. Onun dediyinə görə, Azərbaycan ordusu bu gün çox güclüdür. Azərbaycan Ordusunun döyüş bölgəsində, təmas xəttində ən müasir silahlar yerləşdirilib:
“Biz müharibə olmasını istəmirik. Amma müharibə olarsa, biz hər zaman hazırırq. Nə zaman müharibə başlayarsa, bu, Azərbaycan əsgərinin qələbəsi ilə başa çatacaq. Buna heç kimin şübhəsi olmasın. Ermənistan silahlı qüvvələrinin təcavüzünün qarşısını almaq önümüzdə duran əsas vəzifələrdəndir. Bu an uzaqda deyil. Daha dözüm də qalmayıb. Düşünürəm ki, yaxın vaxtlarda torpaqlarımızın işğaldan azad edilməsinin şahidi olacağıq.
Bu gün Azərbaycanın savadlı və texnikadan istifadə edə biləcək əsgərləri var. Ermənistanın rəsmi statistikasında bildirir ki, Ermənistan əhalisinin yarısı yoxsuluq içərisindədir. Bu özü bir daha sübut edir ki, ötən bir il yarım müddətində Ermənistan əsgər çatışmazlığından Ermənistan iki hərbi hissəsini ləğv edib”- deyə E.Sabiroğlu bildirib.
O, Azərbaycanda son illər ordu quruculuğu istiqamətində böyük işlər aparıldığını da vurğulayıb: “Bunun birincisi silahlanmadır. Ən müasir silahlar almışıq və bununla düşmənin istənilən məsafədəki hədəflərini vura bilərik. İkincisi, şəxsi heyətin döyüş ruhunun yüksəldilməsidir”.
Polkovnik onu da deyib ki, son on ay ərzində KİV-lə bərabər 49 dəfə cəbhə bölgəsində tədbirlər keçirilib. O, bildirib ki, mətbuat Ermənistan ordusunun hərbi təlimlər keçməsini qabarıq şəkildə verir. Amma bu Azərbaycan ordusunu qorxutmağa hesablanmış addımlardır. Belə təlimlərlə Azərbaycan ordusunu qorxutmaq mümkün deyil.
Anar Kəlbiyev