Modern.az

Səməd Seyidov Avropa Şurasına iradlarını bildirdi

Səməd Seyidov Avropa Şurasına iradlarını bildirdi

30 Oktyabr 2012, 17:57

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan Avropa Şurası Baş katibinin müavini xanım Qabriela Battaini-Draqoninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər. Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov onu bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanın bu təşkilatdakı nümayəndə heyəti o vaxt Prezident İlham Əliyevin başçılığı ilə fəaliyyətə başlayıb.

Səməd Seyidov diqqətə çatdırıb ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti həmişə fəal olmuş, öz mövqeyini, ölkəmizin problemlərini bu təşkilatın diqqətinə çatdırmış və bundan sonra da çatdıracaqdır. 2005-ci ildə bu təşkilat tərəfindən Dağlıq Qarabağ münaqişəsinə dair qəbul olunmuş 1416 saylı qətnamə isə hər iki tərəfin uğurudur.

Səməd Seyidov həmçinin qeyd edib ki, Azərbaycan Avropa Şurasının yeganə üzvüdür ki, onun 20 faiz torpağı işğal altındadır və 1 milyon vətəndaşı yurd-yuvasından didərgin düşüb. Bildirilib ki, təəssüf ki, bu beynəlxalq təşkilatın bəzi strukturları və bəzi nümayəndələri ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirirlər. Dağlıq Qarabağ münaqişəsi artıq təkcə Azərbaycanın yox, həm də Avropa Şurasının problemidir və bu təşkilatın imicinə mənfi təsir göstərir.

Səmimi görüş üçün təşəkkürünü bildirən xanım Qabriela Battaini-Draqoni yenidən Azərbaycana gəlməkdən və hər gəlişində burada bütün cəmiyyətin inkişafının şahidi olmasından məmnunluğunu ifadə edib. Qonaq Azərbaycanın qonşuluq siyasətinin və mədəniyyətlərarası dialoqun inkişafındakı rolunu xüsusi vurğulayıb. Söhbət zamanı Avropa Şurasında  Azərbaycanla bağlı fəaliyyət planının qəbul edilməsinin vacibliyi vurğulandı və ölkəmizdə Avropa Şurasının Bakı ofisi ilə həyata keçirilən layihələrin əhəmiyyətindən danışılıb.

Görüşdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini Əli Hüseynli, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Fazil Mustafa çıxış edərək qonağa yeni vəzifəsində uğurlar arzulayıblar.

Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

A.RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi