“Biz saxta erməni təbliğatının ifşa olunmasında səylərimizi davam etdirəcəyik”
Bu yaxınlarda ZQAN Holding öz internet səhifəsinin erməni haker qrupu tərəfindən sındırıldığı haqda məlumat vermişdi. Belə ki, hakerlər saytı sındıraraq baş səhifədə yerləşən Contact Us düyməsininin əvəzinə Armenian Cyber Army – CAC yazmışdılar.
Baş vermiş hadisəni şərh edən ZQAN Holding-in Müşahidə Şurasının sədri və "Azərbaycan – Amerika Alyansı"nın təsisçisi Anar Məmmədov Modern.az-a bildirib:
“Adətən erməni hakerləri dövlət saytlarına hücum edirlər. Biznes ilə məşğul olan holdinqin saytına hücum isə onların "Azərbaycan – Amerika Alyansının" saytına zərər yetirməkdə gücsuz olduqlarını göstərir”.
Xatırladaq ki, ABŞ-da Azərbaycan – Amerika Alyansı tərəfindən keçirilən Xocalı soyqırımı ilə bağlı kampaniya milyonlarla insanı əhatə etmişdi. Kampaniya çərçivəsində mərkəzi küçələrdə, Nyu-York və Vaşinqtonun vağzal və metro stansiyalarında poster və bannerlər asılmış, Xocalı soyqırımından bəhs edən film nümayiş olunmuş və başqa bu tipli tədbirlər görülmüşdü.
“Washington Post” və “New York Times” qəzetlərinin 26 fevral tarixində çıxan saylarının bütöv səhifələri isə Xocalı soyqırımına həsr olunmuşdu.
“2011-ci ildə təsis olunan, Azərbaycan və ABŞ arasında mədəni və siyasi əlaqələrin inkişaf etdirməsini qarşısına prioritet məsələ qoyan "Azərbaycan – Amerika Alyansı" gələcəkdə də Azərbaycan dəyərlərinin Amerikada təbliğ olunması sahəsində işlərini davam etdirəcək “– deyə A.Məmmədov bildirib.
Modern.az