Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Kristofer Ştrasser Müsavat Partiyasının üzvü, hazırda həbsdə olan gənc fəal Nigar Yaqublunun adını siyasi məhbus siyahısına salıb. Bu barədə Modern.az saytına Nigar Yaqublunun atası, Müsavat başqanının müavnini Tofiq Yaqublu məlumat verib.
“Nigar Yaqublunun adı siyasi məhbuslar siyahısına salınıb. Bir az bundan əvvəl Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus məlumat verdi ki, Kristofer Ştrasser Nigar Yaqublunun adını siyasi məhbuslar siyahısına salıb”, -deyə T.Yaqublu bildirib.
Xatırladaq ki, Nigar Yaqublu avqustun 25-də Bakı-Şamaxı yolunun 13-cü kilometrliyində müsavatçı Aydın Acalovun ölümü ilə nəticələnən qəza ilə bağlı həbs olunub. Daxili İşlər Nazirliyinin məlumatında Aydın Acalovun avtomobilini Nigar Yaqublunun idarə etdiyi və qəzanın onun təqsiri üzündən baş verdiyi qeyd olunub. Məlumatda qeyd olunub ki, sentyabrın 10-da N.Yaqublu cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada şübhəli şəxs qismində tutulub, ona həmin maddə ilə ittiham elan olunaraq Abşeron rayon Məhkəməsi tərəfindən barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Anar RÜSTƏMOV