Modern.az

ANS sənətçilərin sirrini açmaqla cinayət edib - YENİ QALMAQAL

ANS sənətçilərin sirrini açmaqla cinayət edib - YENİ QALMAQAL

Mədəniyyət

31 Oktyabr 2012, 11:36

“Övladlığa götürmə sirri yalnız o halda açıla bilər ki...” – Hüquqşünas rəyi

Bu yaxınlarda ANS telekanalının efirə verdiyi “Şoumən” verilişində bəzi sənətçilərin övladlığa götürmə sirri açıqlanıb. Həmin verilişdə Xalq artistləri Nisə Qasımovanın, İlhamə Quliyevanın, Məleykə Əsədovanın vaxtilə övladlığa uşaq götürərək, böyütdüyü müzakirə mövzusu olub.
Sənətçilərlə bağlı efirə getmiş bu veriliş xeyli müzakirə olundu, qalmaqal yaratdı.
Amma qalmaqal telekanalın sənətçilər barəsində övladlığa götürmə sirrini açıqladığına görə deyil, Nisə Qasımovanın oğlunu təhqir etdiyinə görə düşdü.

Amma bu məsələ ilə bağlı yeni qalmaqal düşə bilər. Belə ki, Azərbaycan qanunvericiliyinə görə, şəxsin övladlığa götürmə sirrinin başqası tərəfindən yayılması, açıqlanması cinayət sayılır.

Modern.az saytı məsələyə hüquqşünasdan rəy öyrənib.

“Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev əməkdaşımızla söhbətdə hansı hallarda övladlığa götürmə sirrinin açıla biləcəyini izah edib

Ə. Nuriyevin sözlərinə görə, valideynlərdən başqa heç kəs bu sirri açıqlaya bilməz. Onun sözlərinə görə, övladlığa götürmənin sirri qanunla mühafizə olunur.

“Övladlığa götürənlərin razılığı olmadan, onlar öldükdə isə qəyyumluq və himayə orqanının razılığı olmadan övladlığa götürmə haqqında hər hansı məlumat vermək, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarından övladlığa götürənlərin övladlığa götürülənin doğma valideynləri olmadığını göstərən çıxarışlar vermək qadağan edilir. Övladlığa götürənin iradəsi ziddinə övladlığa götürmə sirrini yaymış şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunurlar. Və Cinayət Məcəlləsinin 175-ci maddəsində də övladlığa götürmə sirrini yaymağa görə, məsuliyyət nəzərdə tutulur. Orada göstərilir ki, övladlığa götürənin iradəsi ziddinə uyğun olaraq, övladlığa götürmə faktının xidməti və ya peşə sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən yaymağa görə həm 6 ay müddətində azadlıqdan məhrum edilmə cəzası, 1 ildən 2 ilədək islah işləri, eyni zamanda müəyyən müddətə ictimai işlər və müyyən müddət ərzində fəaliyyət hüququndan məhrum etmə nəzərdə tutulur”.

Belədə adları çəkilən sənətçilərlə ANS arasında növbəti  qalmaqalaın düşməsi ehtimalı böyükdür...

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi