Müsavat Partiyası başqan İsa Qəmbərin Gürcüstana səfəri ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib. Başqan müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında yerli mətbuatda İsa Qəmbərin Tiflisdə erməni siyasi partiya rəhbəri ilə görüşü haqda yazılanların yalnış olduğunu bildirib. Partiya rəsmisinin sözlərinə görə, İsa Qəmbər bu gün Azərbaycana qayıdacaq.
“İsa Qəmbər Gürcüstana erməni və Gürcüstan siyasi partiya rəhbərləri ilə görüşə getməyib. Müsavat başqanı ora Fridrix Nauman fondunun Cənubi Qafqaz və Rusiya mövzusunda olan konfransda iştirak etməyə gedib. Həmin konfransa Ermənistandan da, Gürtcüstandan da, Rusiyadan da və eləvə də Avropadan da nümayəndələr iştirak ediblər. Bu heç də o anlama gəlmir ki, İsa Qəmbər Gürcüstana erməni partiya rəhbəri ilə görüşə gedib. Mətbuatda bu haqda yalnış məlumatlar yayılıb. Mətbuatda xüsusi olaraq bu yayımlanır”,- deyə Müsavat funksioneri bildirib.
Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər oktyabrın 29-30-da Gürcüstanın paytaxtı Tiflisdə səfərdən olub. Səfər zamanı Qafqaz ölkəsinin - Azərbaycan, Ermənistan və Gürcüstanın liberal siyasi partiya rəhbərlərinin görüşü keçirilib. Bu görüşdə Azərbaycanı Müsavat başqanı İsa Qəmbər, Ermənistanı Erməni Ümumilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan və Gürcüstanın “Respublikaçılar” Partiyasının rəhbəri, parlamentin yeni sədri David Usupaşvili təmsil ediblər. Həmçinin Müsavat başqanının Gürcüstana səfəri zamanı müttəfiq partiya rəhbəri David Usupaşvili ilə qurultay məsələsini müzakirə edəcəyi də bildirilirdi.
Anar RÜSƏTMOV