“Siz jurnalistlərə yazığım gəlir”
Bir müddət bundan öncə millət vəkili, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehbalıyev Modern.az saytına müsahibəsində demişdi ki, Azərbaycanda jurnalistlərin hüquqları yetərincə qorunmur, jurnalistlərin həmkarlar təşkilatının olmaması jurnalistlərin redaksiyalarda istismar edilməsinə şərait yardır. “Siz jurnalistlərə yazığım gəlir”-deyə AHİK sədri sonda demişdi.
“Azərbaycanda jurnalistlərin hüquqları yetərincə qorunmur”
Məsələyə münasibət bildirən Mətbuat Şurasının sədri Əflatun Amaşov Modern.az-a açıqlamasında Səttar Mehbalıyevi dəstəkləyib. O, jurnalistikada bu sahədə boşluğun olması səbəbindən mətbuat işçilərinin redaksiyalarda bir sıra hüquqlarının pozulması hallarına tez- tez rast gəlindiyini deyib.
“Tamamilə doğru olan bir iraddır. Azərbaycanda jurnalistlərin həmkarlar ittifaqı olmadğından jurnalistlərin huquqlarının qorunmasında bəzən problemlər yaşanır. Artıq elə bir məqam yaranıb ki, jurnalistlərin həmkarlar təşkilatımnın yaradılması vacibdir. Çünki Azərbaycanda jurnalistlərin hüquqları yetərincə qorunmur. Azərbaycanda jurnalistika sahəsində həmkarlar ittifaqı adlı qurum və onun sədri Muşfiq Ələsgərli kifayət qədər işlər görsə də, elə bir məqam çatıb ki, Azərbaycanda aparıcı KİV-lərin özlərinin işçi həmkarlar təşkilatları olmalıdır. Həmin həmkarlar təşkilatı da birləşib Azərbaycanda jurnalistlərin həmkalar ittifaqını yaratmalıdırlar. Belə olan hallarda redaksiyalarda jurnalistlərin də hüquqları açıq-aydın qorunar”-deyə sədr vurğulayıb.
“Səttar müəlimin fikri Azərbaycanın əleyhinə olan bir fikirdir”
Məsələyə münasibət bildirən Jurnalistlərin Həmkarlar İttifaqının (JHİ) sədri Müşfiq Ələsgərli bu sahədə əsas problemlərdən birinin jurnalistlərin sosial -iqtisadi hüquqlarının qorunmaması olduğunu deyib. JHİ sədri bildirib ki, konfederasiya ilə ittifaq arasındakı danışıqlardan nəticə əldə olunarsa, jurnalistlərin hüquqlarının qorunması sahəsindəki problemlər də aradan qalxar.
““Jurnalist hüququ qorunmur” ümumi bir anlayışdır və ifadənin özündə bir yalnışlıq var. Yaxşı olardı ki, insanlar fikir işlədəndə konkretləşdirilsin. Amma bu fikir Azərbaycanın əleyhinə olan bir fikirdir. Yaxşı olardı ki, fikir bir az dəqiqləşdirilsin. Çünki Azərbaycanda jurnalistlərin hüquqlarına əvvəlcə Konstitusiya ilə, daha sonra mətbuat haqqında qanunvericiliklə və digər qanunvericilik aktları ilə təminat verilir, qorunur”-deyə M. Ələsgərli bildirib.
“Jurnalistlərin Həmkarlar İttifaqına konfederasiya status verməlidir”
“Bizim hesablamalarımıza görə Azərbaycanda 50-ə yaxın jurnalist təşkilatı var və onlar jurnalistlərin hüquqlarını həm qoruyurlar, həm də kifayət qədər fəaliyyət göstərirlər.
Bu dəqiqə bir balaca problem sosial–iqtisadi hüquqlarının qorunmasındadır. Səttar müəllimə də sirr deyil ki, Azərbaycanda jurnalistlərin sosial hüquqlarını qorumaq üçün Ədliyə Nazirliyində qeydiyyatdan keçmiş Jurnalistlərin Həmkarlar İttifaqı var. Sadəcə, bunun strukturlaşması və Səttar müəllimin rəhbərlik etdiyi konfederasiyada münasibətlərini rəsmiləşdirməsindən söhbət gedir. Bu sahədə biz dəfələrlə onlara müraciət etmişik və bu məslələri müzakirə edib ortaq məxrəcə gəlmək üçün çalışırıq” –deyən M. Ələsgərli bildirib ki, aparılan danışıqlarda uğurlu məqamlar var.
“Amma problem ondadır ki, biz son nəticəni əldə edə bilmirik. Son nəticə isə odur ki, Jurnalistlərin Həmkarlar İttifaqına konfederesiyada status verməlidir. Yəni münasibətlər rəsmiləşdirilməllidir. Tərəflər arasında əməkdaşlığa nail olunmalıdır. Danışıqlar gedir, amma konkret nəticə yoxdur. Nəticə əldə olunarsa, jurnalistlərin sosial hüquqlarının qorunmasında digər problem də aradan qalxacaq” –deyə M.Ələsgərli qeyd edib.
JHİ sədri onu da vurğulayıb ki, jurnalistlərin passiv mövqeyi bu işdə onlara mane olur.
“Azərbaycanda 4 minə yaxın KİV qeydiyyatdan keçsə də, yalnız onların 200-ə yaxını aktiv şəkildə fəaliyyət göstərir. Biz onların hardasa 15-ni əhatə edə bilmişik. Biz hələ bütün redaksiyalarda həmkarlar təşkilatının yaradılması və onların ittifaqda birləşməsinə nail ola bilməmişik. Jurnalistlərimiz arasında passivlik var”.
Şahanə RƏHİMLİ